Kənddə “Avropa” adlandırılan park
Marneuli bələdiyyəsində Acarıstandan ekomiqrantların məskunlaşdığı Yeni Dioqnisi kəndində küçə və parklara ad verilib. İnəklərin otladığı və bir neçə attraksion yerləşdirilmiş parka “Avropa parkı” adını veriblər. Kənd əhalisinin bir qismi düşünür ki, məkana hansısa ənənəvi ad versələr, daha yaxşı olardı. Bir qismi isə hesab edir ki, “Avropa parkı” uyğun addır. Ronald Dzirkvadze təxminən 30 ildir Yeni Dioqnisidə yaşayır. O, bildirir ki, kənddə Avropa da, onunla əlaqədar adlar da onun üçün qəbuledilməzdir. O, düşünür ki, qeyd olunan məsələ ilə bağlı yerli sakinlərin əksəriyyətinin fikrini dinləsələr, daha yaxşı olardı.

“Kənd sakini olaraq parka Avropa adının verilməsinin tərəfdarı deyiləm, uyğun deyil. Çünki, kəndlə əlaqəli olan, 89-cu ildən bu yana gəldiyimiz hansısa ənənəvi ad verilməsinə daha çox üstünlük verərdim. Əhalinin əksəriyyətinin fikrinə əsasən qərar verilsə, daha yaxşı olardı. Mənim üçün Avropa heç nə ilə assosiasiya olunmur. Çünki bizim məhsullar qonşu ölkələrdə satılır. Avropanın mənə heç bir xeyri yoxdur və bu parkın belə adlanmasını da istəmirəm”, – Ronald Dzirkvadze bildirdi.

“Bu parka uyğun ad deyil, bilmirəm nə adlandırılmalıdır, amma bu ad uyğun deyil”, – Keti Dzirkvadze bildirdi.

Yerli əhalinin bir qismi deyir ki, Avropa onlar üçün sülh və hər şeyin yaxşısı deməkdir. Hesab edirlər ki, “Avropa parkı” əraziyə uyğun addır.

“Küçə və parklara verilmiş bu adlar mənə görə uyğundur. Çünki Avropaya doğru gedirik. Avropada daha yaxşı olacağıq, müharibə olmayacaq. Bu adlar bizə uyğundur və qəbul edirik”
– Kevsiri Saqinadze bildirdi.

“Kənddə küçələrə və parka ad verildi. Nə təcili yardım maşınına, nə də heç kimə ünvan deyə bilmirdik. Avropanı müsbət qarşılayıram, əsas odur, adı var və mənim fikrimcə, uyğundur. Uzun zamandır, küçə və bu parka ad verilməsi kimi təşəbbüsümüz var idi. Qalanları mənim üçün qəbulediləndir”, – Qoça Koçalidze bildirdi.

Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kəndinin küçələrinə, qeyd olunan parkə adların verilməsi ilə bağlı əhali və yerli hakimiyyət arasında 2022-ci ilin 11 fevralında görüş keçirilmişdi. Bələdiyyə Məclisinin iclasında, 13 may tarixində isə qərar qəbul etmişdilər. Qərara görə, 11 küçə və 1 parka ad veriləcəkdi. Acarıstandan ekomiqratların məskunlaşdığı Yeni Dioqnisi kəndi bələdiyyədə küçələrə və parka ad verilən ilk kəndlərdəndir.

"Marneuli" Radiosu
Print