Öz evlərindən kənarda 12 gün – eyvanları uçmuş binanın sakinləri yenə də evlərinə girə bilmirlər
26 iyun tarixində, Marneulidə, Nərimanov küçəsində baş vermiş bədbəxt hadisədən sonra çoxmərtəbəli binanın sakinlərinin bir qismi qorxu içində yaşamağa davam edir. Eyvanları uçmuş girişdə yaşayan ailələrin isə bəziləri “Qafqaz” mehmanxanasına, bəziləri də yaxınlarının evlərinə sığınıblar. Bədbəxt hadisə baş vermiş ərazi təhlükəsizlik lenti ilə dairəyə alınıb və faciə baş verən gündən ərazidə polis keşik çəkir. Əhaliyə təhlükəsizlik məqsədi ilə binaya daxil olmağa qadağa qoyublar. Binanın digər girişində yaşayan ailələr “Marneuli” radiosuna bildirdilər ki, eyvanlardan istifadə etməyə çəkinirlər və meriyadan binanın təhlükəsizliyi ilə bağlı cavab gözləyirlər. Mimoza Kartozia illərdir, Nərimanov 1 ünvanında yaşayır. O, bizimlə söhbəti zamanı bildirdi ki, eyvanlardan əlavə binanın zirzəmisi də təhlükə saçır.

“Bina qəzalı vəziyyətdədir. Zirzəmi su ilə dolub. Nə zaman nəyin baş verəcəyini bilmirik. Qorxudan eyvana da çıxa bilmirik. Mən 4-cü mərtəbədə yaşayıram. Rütubəti hiss etmirəm. Zirzəmi su ilə doludur. Neçə dəfə gəldilər, zirzəmilərə də baxdılar. İndi nə edirlər, bilmirəm, getməmişik. Eyvana çıxmayın, təhlükəlidir – dedilər. Biz sonuncu girişdəyik, dedilər, orada təhlükə azdır”, – Mimoza Kartozia bildirdi.



Eyvanları uçmuş giriş artıq 12 gündür boşaldılıb və ailələr “Qafqaz” mehmanxanasında yaşayır. Onlar qeyd edirlər ki, evlərinə qayıdacaqlarına vəd versələr də, vəziyyət hələ aydınlaşdırılmayıb.



Nərimanov 1 ünvanında yaşayan sakinlərin öz evinə nə zaman qayıdacağı barədə Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, binanın dam örtüyü və eyvanları bərpa olunacaq, bundan sonra ailələrə qayıdacaqları vaxtı bildirəcəklər.

“Kommunal xidmət zirzəmiləri təmizlədi. Meriya paralel rejimdə layihənin alınması barədə araşdırma apardı və bundan sonra layihə üzərində işlərə başlanılacaq. Dam örtüyünün tam bərpa edilməsi, damdakı çənlərin sökülməsi, eyvanların bərkidilməsi və bərpa işləri nəzərdə tutulur. Layihə artıq alınıb, tender elan olunacaq. Araşdırma xidmətinin nəticəsini gözləyirik, onların cavabından sonra əhali köçürüləcək. Bina qəzalı vəziyyətdə deyil, yalnız eyvanlar təhlükəlidir və əhaliyə bununla bağlı xəbərdarlıq etmişik. Əgər ehtiyac yaranarsa, bina da yenilənəcək. Amma bina qəzalı vəziyyətdə deyil”, – PR xidmətindən bildirdilər.

26 iyunda Marneuli şəhərində yaşayış binasının iki eyvanının uçması nəticəsində iki nəfər dünyasını dəyişib və üç nəfər xəsarət alıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google