Marneulidə unun qiyməti artıb
Marneulidə unun qiyməti yenə artıb. Marneuli bazarında un satan satıcılar bildirirlər ki, 50 kiloqramlıq un kisəsi təqribən 4 lari bahalanıb. Onların sözlərinə görə, əgər alıcı indiyə kimi birinci keyfiyyətli unu 78-79 lariyə alırdısa, indi həmin kisəyə 83 lari verməli olacaq.

“Birinci keyfiyyətli unun qiyməti 83 lariyə qədər artıb. Yüksək keyfiyyətli un isə demək olar, 100 laridir. Gətirdiyimiz yerdə qiyməti artırıblar. Bəlkə yeni məhsuldan sonra qiymətlər də qaydasına düşsün, indi artıb”,
– un satıcısı Nəsimi Bəxtiyarov bildirdi.

Unun bahalaşması çörəyin qiymətinin artmasına səbəb olub. Zura Ququnaşvili illərdir, Marneulidə çörək bişirir. O, bildirdi ki, bir lavaşı 1,20 lariyə satırdı, ancaq unun qiyməti artandan sonra lavaş 30 tetri bahalaşıb.

“İki həftədən artıqdır, un bahalanıb və mən də çörəyin qiymətini artırmalı oldum. Başqa çörəkxanalarda bilmirəm, nə edirlər, amma mən qiyməti artırmaqla yanaşı çəkini də artırmışam. Bu özəl müəssisədir və kim necə istəyir, elə edir. Çörək almağa gələnlərdən utanıram. Qiymət belə artıb. Xalqın pulu yoxdur, almağa gələndə utanıram, çoxu maddi baxımdan çətinlik çəkir”,
– Ququnişvili bildirdi.

Daha bir çörəkxana sahibi Temur Martiaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, unun bahalaşması ilə yanaşı təbii qazın qiymətinin artması da çörəyin bahalaşmasına səbəb olub. Çörəkxana sahibləri demək olar gəlir üçün işləmirlər.

“Bizdə çörək 1,50 laridir. Unun qiymətinin artması ilə yanaşı çörək də bahalaşıb. Ancaq təbii qazın qiymətinə görə qiyməti artırmağa məcbur olduq. Bizə heç nə qalmır, hansı gəlirdən söhbət gedir, əziyyət çəkirik, heç nə də alınmır”, – Martiaşvili bildirdi.

Leyla Nəsibovanın sözlərinə görə, unun qiymətinin artması əhalinin onsuz da ağır iqtisadi vəziyyətini daha da çətinləşdirir. O, gündə 6 çörək almalı olur və demək olar, bütün maaşını aydan-aya yalnız çörəyə ödəməli olur.

“Hər şey bahadır, çörəyin bahalaşması həmişə pisdir. Çörək elə qidadır ki, insan onunla yaşayır. Belə 5-10 tetri artırırlar. Mən gündə altı çörək alıram, ailəyə yalnız çörək lazım deyil, maaşlar azdır, iş də azdır, əhali necə yaşamalıdır”, – Nəsibova bildirdi.

Son aylar ərzində çörək ununun qiyməti mərhələli şəkildə artıb. Müvafiq olaraq, çörəyin qiyməti də təxminən 30-40 tetri artıb. Çörəyin qiymətinin artması yalnız Gürcüstanda deyil, bütün dünyada, cari ilin fevralından Rusiyanın Ukraynaya hücumundan sonra xüsusilə diqqət mərkəzindədir. “Gürcüstanın Buğda və Un İstehsalı Assosiasiyasının” icraçı direktoru bildirir ki, Gürcüstan üçün ən böyük buğda tədarükçüsü olan ölkə – Rusiya tərəfindən son bir ildə tətbiq edilmiş gömrük vergiləri buğdanın qiymətini əhəmiyyətli dərəcədə artırdı.

"Marneuli" Radiosu
Print