Marneulinin “Enquri” xoreoqrafik ansamblı “Qara dəniz mirvarisi” festivalında Qran-Pri qazanıb
Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Enquri” ansamblı “Qara dəniz mirvarisi” beynəlxalq incəsənət festivalında Qran-Pri qazanıb.
Ansamblın xoreoqrafı Levan Qurava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, festivalda Gürcüstanın müxtəlif bölgələrindən çox sayda, yaxşı hazırlaşmış ansamblı iştirak edirdi.


“Həmişə deyirəm ki, festival-müsabiqələrdə iştirak etmək Gürcüstanda daha çətindir nəinki xaricdə. Çünki bizdə başqa ölkələrlə müqayisədə daha ciddi qiymətləndirirlər. Bu artıq bizim ansamblın üçüncü nəslidir. Ansambl etnik azərbaycanlı, gürcü və erməni uşaqlardan ibarətdir. Uşaqlar çox motivasiyalı idi və böyük zəhmət çəkmişdik, hər şey birgə gücümüzlə alındı. Qələbədən sonra uşaqlara baxıb onların emosiyalarını görəndə, bir an göz yaşlarımı da saxlaya bilmədim. Həm də yeni uşaqlar var idi, onlar səhnədə ilk dəfə rəqs etdilər və bunlar hamısı onlara görə, daha böyük emosiya idi. Marneuli üçün çalışdıq, daha bir gözəl gün və uğur hədiyyə etdik”- xoreoqraf bildirdi.

Marneuli Mədəniyyət Mərkəzindəki “Enquri” ansamblı 2008-ci ildə yaradılıb və sonra bir neçə nəsil yetişdirib. Onlar müxtəlif müsabiqə-festivallarda iştirak ediblər.

Marneuliyə dəfələrlə uğur qazandırıblar. Qran-Pri sahibi olan ansambl qeyd olunan festivala, Kobuletiyə Marneuli Mədəniyyət Mərkəzinin dəstəyi ilə gedib.

"Marneuli" Radiosu
Print