Marneuli Bələdiyyə Məclisi bu gün, 4 aprel tarixində meriyaya bir
nəfər əməkdaşın əlavə edilməsi məsələsini müzakirəyə çıxarıb.
Meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze iclas zamanı
bildirib ki, meriyanın Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş
Şöbəsinə bir nəfər əlavə olunacaq. Buna səbəb olaraq həmin şöbədə
işlərin artmasını qeyd edib. Deputatlar məsələ ilə əlaqədar müsbət
qərar qəbul ediblər.
“Xidmətdə işlər çoxaldığına görə, Təhsil, Mədəniyyət, İdman və
Gənclərlə İş Şöbəsində bir nəfər birinci kateqoriyalı baş
mütəxəssis vəzifəsinin əlavə olunmasına ehtiyac yarandı. Xahiş
edirik, razılıq verəsiniz və məsələ ilə bağlı səs
verəsiniz”, – Mamuka Şubitidze bildirdi.
Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş
Şöbəsində ştat sayının artması ilə yanaşı müqavilə ilə daha bir
nəfər əməkdaş da əlavə olunacaq.
Bələdiyyə Məclisinin 4 aprel tarixində keçirilən gündəliyində
ümumilikdə 8 məsələ müzakirə olunub. Onlar arasında Marneuli
Bələdiyyə Məclisinin 2023-cü il büdcəsinin təsdiqlənməsi haqqında
2022-ci il 29 dekabr tarixli 30 saylı sərəncamında dəyişiklik
edilməsi, Gürcüstan dövlət büdcəsi ilə Gürcüstanın regionlarında
həyata keçiriləcək layihələr fondundan maliyyələşdiriləcək
layihələr, sosial məsələlər və s. də var.