Gəncədə xəstəxanada yanğın olub, ölən var
Aprelin 26-da Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğının beşmərtəbəli xəstəxana binasının zirzəmisində yerləşən elektrik lövhəsində başladığı müəyyən edilib: "…Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".



FHN bildirir ki, 58 xəstə və 90 xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub. Nazirliyin açıqlamasına görə, xəstəxananın reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü N.M.-in meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Turan"a verilən məlumata görə, tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan səkkiz pasiyent Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilib. Daha 19 xəstənin də başqa xəstəxanalara yerləşdirildiyi deyilir: "Eyni zamanda, tibb müəssisəsinin üç əməkdaşı hadisə zamanı xəsarət alıb. Hazırda vəziyyətləri stabildir".

Baş verənlərlə bağlı xəsarət alanlar və həlak olan şəxsin yaxınları ilə danışmaq mümkün olmayıb.

Mənbə: Azadlıq Radiosu

Print