Bu gün, 9 may tarixində İkinci Dünya müharibəsində faşizm üzərində
qələbədən 78 il ötür.
Marneulidə heç Böyük Vətən müharibəsi veteranı qalmayıb. Ötən il
yalnız iki veteran – 98 yaşlı Hüseyn Vəliyev və 96 yaşlı Ziyadxan
Kiryakov var idi. Ancaq onların hər ikisi dünyasını dəyişib.
Marneuli meriyası bu il İkinci Dünya müharibəsində həlak olmuş
qəhrəmanların abidəsinə qoymaq üçün 900 larilik çiçəklər alıb.
“Bildiyiniz kimi, faşizm üzərində qələbədən 78 il ötür. Bu müharibə
bəşəriyyətin tarixinə ən qanlı və məhvedici hadisə kimi yazılıb.
Gürcüstandan getmiş on minlərlə döyüşçü faşistlərlə vuruşub. Onlar
millət və ölkə qarşısında borclarını vicdanla ödədilər.
Döyüşçülərdən çoxu vətənə geri qayıtmadı, qayıdanların əksəriyyəti
isə artıq bizimlə deyil. Bir daha İkinci Dünya müharibəsində həlak
olmuş qəhrəmanlara hörmət göstərməyimizi, onların abidələrinə canlı
gül əklilləri və çiçəklər aparmağı məqsədəuyğun hesab edirik. Xahiş
edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar qanunvericiliklə
nəzərdə tutulmuş işləri həyata keçirmək tapşırığı
verəsiniz”, – sadələşdirilmiş tenderin
izahatnaməsində yazılıb.
Veteranlarla İş üzrə Dövlət Xidmətinin məlumatına görə, Kvemo
Kartli miqyasında ümumilikdə iki nəfər vətən müharibəsi veteranı
sağdır. Onlardan biri Qardabanidə (İlarion Otaraşvili), digəri isə
Bolnisidə (Arutin Andriasyan) yaşayır.
İkinci Dünya Müharibəsi tarixə ən genişmiqyaslı və qanlı münaqişə
kimi düşüb. 1939-cu ildən 1945 ilə qədər davam edən müharibədə 300
min Gürcüstan vətəndaşı həyatını itirib. Müharibə 40 dövlətin
ərazisində gedirdi.