Milli Ətraf Mühit Agentliyinin açıqladığı gözlənilən hava
proqnozuna görə, Gürcüstanın şərqində bu həftə havanın temperaturu
41°C-yə çatacaq.
"Gürcüstan ərazisində cari həftə ərzində havanın temperaturunun
yüksəlməsi (istilik dalğası) gözlənilir. Bəzi günlərdə Qərbi
Gürcüstanın düzənliklərində havanın temperaturu +37, +39 dərəcə,
aranda isə +39 dərəcəyə çata bilər. Şərqi Gürcüstanda havanın
temperaturu +39, +41 dərəcəyədək yüksələcək. Ölkənin dağlıq
rayonlarında, gündüz havanın maksimal temperaturu 33, 38
dərəcəyədək yüksələcək, yüksək dağlıq ərazilərdə 28, 33 dərəcəyə
çatacaq”, - Milli Ətraf Mühit Agentliyinin yaydığı
bəyanatda deyilir.
Agentliyin məlumatına görə, gözlənilən yüksək temperatur “istilik
stressi, meşə yanğınları və buzlaqların əriməsi ilə bağlı
proseslərin aktivləşməsi üçün əlverişli şəraiti təmsil edir”.
Avropa qitəsində də yüksək temperatur qeydə alınır. Mərkəzi Avropa
ölkələrində iyul ayında maksimal temperatur 46 ◦C-ə çatıb. Aralıq
dənizi regionunda, Şimali Amerikada və Çinin bəzi bölgələrində
yüksək temperatur müşahidə olunub.
İstilər Yunanıstan, Kanada və Əlcəzairdə yanğınlara səbəb olub.
Alimlər əmindirlər ki, iqlim dəyişikliyinin səbəbi insanlar
tərəfindən qalıq yanacaqlardan kütləvi istifadədir.
BMT-nin baş katibi Antonio Quterreş qlobal istiləşmə dövrünün başa
çatdığını və qlobal qaynama dövrünün başladığını bəyan edib. O,
dünya ictimaiyyətini fəlakətin qarşısını almaq üçün iqlim
dəyişikliyinə qarşı çevik və radikal tədbirlər görməyə çağırıb.
2015-ci ildə dünya ölkələrinin əksəriyyəti iqlim dəyişikliyi ilə
mübarizədən bəhs edən Paris sazişini imzalayıb.