Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı
vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
"Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin
kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən
minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis
əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin
minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması
faktlarını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın
9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil
olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı
Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı
qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu
vurğulayıb", – məlumatda deyilir.
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi
əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlamalı olub.
"Dövlətimizin başçısı vurğulayıb ki, antiterror
tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və
infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi
hədəflər sıradan çıxarılır.
Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan
Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ
bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə
dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi,
bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi
vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə
çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və
tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını
deyib", – Prezident Administrasiyasının yadığı
paylaşımda qeyd olunub.
ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı
narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı
ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri
arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən
dəstəkləndiyini bildirib.