Bu gün, 21 sentyabr tarixində Qarabağın erməni sakinlərinin
nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.
Rusiya sülhməramlı kontibngentinin müşayiəti ilə hərəkət edən
nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.
Xankəndindən Qarabağdan gələn nümayəndə heyəti artıq Ağdam rayonun
keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal
xarakterli antiterror tədbirləri separatçıların təslim
olması ilə
nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya
sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam
atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın
20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri
dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni
sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda
görüş təyin edilib.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri
müzakirə ediləcək.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan
Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı
qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri
silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və
tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin
birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni
silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil
verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə
əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Mənbə: trend.az