Gürcüstan parlamenti üçüncü oxunuşda İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik edilməsi haqqında qanun layihəsini 80 səslə qəbul edib,
ona əsasən, xüsusi
mülkiyyətdə olan yaşayış evində, əmlak və ya dövlət qurumunun
binasında yol verilən akustik səs-küy normalarını aşmağa görə
cərimənin məbləği artırılır. Bundan başqa, qanun layihəsinə əsasən,
xəbərdarlıq əvəzinə, qaydanı pozan şəxs birinci instansiyada
cərimələnəcək.
Fiziki şəxs üçün cərimənin məbləği
150 lari, hüquqi şəxs və fərdi
sahibkar üçün isə 1500 lari olacaq. Dəyişiklikdən əvvəl hüquqi şəxs
üçün cərimə, bu halda, 500 lari təşkil edirdi.
Təkrar edildiyi halda, fiziki şəxslər üçün cərimənin məbləği 500
lari (300 lari idi), hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə
5000 lari (1000 lari idi) təşkil edəcək.
Üçüncü və hər bir sonrakı halda cərimənin məbləği fiziki şəxs üçün
1000 lari, hüquqi şəxs və fərdi sahibkar üçün isə 10 000 lari
müəyyən edilir.
Texniki reqlamentlər gün ərzində tikinti və təmir işlərinə, işçilər
üçün iş yerində və iş mühitində yaranan səs-küyə və qaydalarda
nəzərdə tutulmuş digər müstəsna hallara şamil edilmir.
Noyabrın 16-da parlament Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik edib. Qanun prezidentin imzasından sonra 15-ci gün
qüvvəyə minəcək.