Oktyabrın 26-da keçirilən parlament seçkiləri nəticəsində mandat
qazanan, lakin seçkiləri saxta hesab edərək parlamentə daxil
olmaqdan imtina edən 4 müxalifət siyasi birliyi birgə informasiya
mərkəzi yaradıb.
Qərar bu gün keçirilən mətbuat konfransında “Dəyişiklik naminə
Koalisiya”nın nümayəndəsi Zurab Caparidze, “Birlik – Milli
Hərəkat”ın nümayəndəsi Laşa Bakradze, “Güclü Gürcüstanın”
təmsilçisi Levan Tsutskiridze və “Qaxaria – Gürcüstan naminə”
təmsilçisi Teona
Akubardia tərəfindən açıqlanıb.
Müxalifətdən ölkədə baş verən hadisələrlə bağlı mütəmadi olaraq
yeni məlumatlar və dəyərləndirmələri ictimaiyyətə çatdıracaq
müxalifətin Birləşmiş İnformasiya Mərkəzinin bu gündən fəaliyyətə
başlayacağı açıqlanıb.
Levan Tsutskiridzenin sözlərinə görə, hökumətin vətəndaşlara qarşı
zorakılığı və həbsləri göstərir ki, “qeyri-qanuni rejim özünün
tənəzzülünün son mərhələsindədir”. O, bir çox dövlət
qulluqçularının artıq hökumət siyasətindən ayrıldığını
vurğulayaraq, hamıya, xüsusən də dövlət sektorunda çalışanlara
itaətsizliyə çağırıb.
Tsutskiridze polislərə müraciət edərək bildirib ki, onların
vəzifəsi bir tərəfi deyil, vətəndaşları qorumaqdır, ona görə də
onlar “qeyri-qanuni rejimin qanunsuz əmrlərinin icrasında, gürcü
gənclərini şikəst etməkdə” iştirak etməməlidirlər.
Müxalifət mövcud vəziyyətdən yeganə siyasi çıxış yolunu yeni
seçkilər hesab edir və “Gürcü Arzusu”na bu addımı tez bir zamanda
atmağa çağırır.