Tbilisidə gecə saatlarında üç tələbə həbs olunub

Vəkil Elquca Avsajanişvilinin məlumatına görə, tələbələr – Açi Qoçitaşvili, Luka Xizadze və Qiorqi Barbakadze 6 fevral gecə saat 3:00 radələrində Çavçavadze prospektində inzibati qaydada saxlanılıblar.


Onlar İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə – hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamaqda ittiham olunurlar.

Vəkilin sözlərinə görə, istintaq versiyasına əsasən, onlar stensillər çəkdikləri zaman saxlanılıblar. Açi Goçitaşvili və
Luka Xizadze Tbilisi Dövlət Universitetinin, Giorgi Barbakadze isə başqa bir ali təhsil müəssisəsinin tələbəsidir.

Avsajanişvili bildirib ki, o, artıq müdafiə etdiyi şəxsləri Diğomi təcridxanasında ziyarət edib və onların üzərində zorakılıq əlamətləri görünməyib.

"Daxili İşlər Nazirliyinə bildiririk ki, kameralardakı görüntüləri təqdim etsin və müdafiə etdiyim şəxsin nəsə yazdığını sübut etsin. Mən onların boya spreyi ilə yazı yazdığını təsdiqləmirəm, lakin fərziyyə edək ki, belə olub – boya spreyinin olması qadağan deyil. Artıq görürük ki, sistem repressiv siyasət həyata keçirir və insanları sadəcə müəyyən ərazidə olduqlarına görə həbs edir. Cənab Giorgi mənə bildirdi ki, o, heç bir yazı yazmayıb, 2 fevralda polis tərəfindən döyüldüyü üçün qorxmuşdu və sadəcə Çavçavadze prospektində olduğu üçün saxlanılıb. Cənab Arçil isə bildirdi ki, onu konkret hadisəyə görə saxlayıblar, amma yazılarla bağlı məlumatı yoxdur", – deyə vəkil qeyd edib.

Gürcüstanda artıq 71 gündür ki, yeni seçkilərin keçirilməsi və etiraz aksiyalarında həbs olunanların azadlığa buraxılması tələbi ilə avropayönlü aksiyalar keçirilir. Həbs olunan tələbələr də bu aksiyaların iştirakçılarındandır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google