Son illər Qırmızı Meydanda Qələbə günü paradı prezident Vladimir
Putinin Moskvanın Ukraynaya qarşı müharibəsinin tərənnümünə
çevrilib.
Qərbin hesablamalarına görə, Rusiyanın müharibədə itkiləri – ölü və
yaralılar birlikdə 750 mini keçir.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk
Ekel yazır ki, 9 May tədbirinə baxıb 26 ildir ölkəni idarə edən
Putinin yanaşması ilə bağlı bəzi fikirlər əldə
etmək olur.
Bu il nasist Almaniyası üzərində qələbənin 80 illiyidir, Ukraynanın
işğalının başlamasından isə 3 ildən çox keçir.
"Böyük Vətən Müharibəsində qələbə Vladimir Putinin
siyasi mifologiyasının – onun dünya tarixinə dair yozumunun əsas
hissəsidir. Kreml aylardır bu məqama hazırlaşır; bu, rejimin
propaqanda təqviminin mərkəzində dayanır", –
mühacirətdə yaşayan rusiyalı jurnalist Mixail Zıqar bir məqaləsində
yazır.
M.Ekel 9 May paradında izlənəsi məqamları qeyd edir.
Söhbət konkret hansı
müharibədən gedir?
Rusiyalıların "Böyük Vətən Müharibəsi" adlandırdığı müharibədə
Sovet İttifaqından hərbçilər və dinc sakinlər daxil olmaqla 27
milyon insan həlak olub. Nasistlərin məğlubiyyəti uzun illər
müharibədə əziyyət çəkən rusiyalı, ukraynalı, belaruslu və digər
millətlərin cəsurluğunun təcəssümü kimi qeyd olunub.
2000-ci ildə prezident postuna keçəndən Putin bu tədbirlər
vasitəsilə veteranlar arasında mövqeyini gücləndirib. O həmçinin
Qərbi, xüsusilə Birləşmiş Ştatları tənqid edib, nasizmin
məğlubiyyətində müttəfiqlərin rolunu kiçildib.
2007-ci ildə Qələbə paradındakı çıxışında Putin ABŞ-nin siyasətini
Üçüncü nasist Reyxi ilə müqayisə edib.
2022-ci ilin fevralında Ukraynanın işğalı başlayandan sonra
"neonasistlər" Putinin çıxışlarında önəmli yer tutublar. Axı Kreml
Ukraynanı işğal etməsini həm də bu ittihamla əsaslandırırdı.
Parada
gedənlər
20-dən çox dünya lideri Kremlin parada dəvətini qəbul edib, amma
son anda iştirakını təxirə salanların olacağı mümkündür. Artıq
Azərbaycan prezidenti İlham Əliyevin tədbirə getməyəcəyi
açıqlanıb.
Belarus, Qazaxıstan, Ermənistan, Boliviya, Çin, Venesuela
liderlərinin iştirakı gözlənilir.
Avropa İttifaqından təkə Slovakiyanın baş naziri, Ukraynanı tənqid
etməsiylə tanınan Robert Fitso gedir.
Gözlər Moskvanı Ukraynadakı müharibəni dəstəkləyən Çin prezidenti
Si Cinpinə dikilib. Pekin Rusiyadan neft-qaz almaqla Moskvanın
müharibəsinə kömək edir.
Çin Qırmızı Meydana hərbçi kontingenti göndərərsə, bu, Kremlə
dəstəyin simvolu sayıla bilər.
Hərbi
texnika
"Soyuq müharibə" dövründə paradlar nadir hallarda keçirilirdi, ən
böyük illik tədbir noyabrda, 1971-ci il bolşevik inqilabının
ildönümündə olurdu.
Onda Qərb təhlilçiləri hərbi texnikanı nəzərdən keçirir, Moskvanın
silah yarışında yerini müəyyənləşdirməyə çalışırdılar.
Amma son onillikdə texnika nümayişi bir normaya çevrilib. Axı Kreml
ordusunun modernləşməsinə pullar tökür.
2015-ci il paradında yeni T-14 "Armata" döyüş tankı nümayiş olunub.
Amma bu tank Ukraynadakı müharibədə istifadə olunmayıb.
2022-ci ildə işğal başlayandan Qırmızı Meydanda yeni silahlarda
daha az görünür. Bu isə Rusiyanın müharibədə texnika itirməsi ilə
izah olunur.
Budəfəki paradda da hərbi texnika diqqət mərkəzində olacaq. Hər
hansı Qərb qəniməti də göstəriləcəkmi, məsələn, "Bradley" döyüş
texnikasını?
Ukrayna dronlarından
qorxan varmı?
9 may ərəfəsində Ukrayna Rusiyada hədəflərə irimiqyaslı dron
hücumları gerçəkləşdirib.
Kiyevlə Moskva son aylar bir-birinə, əsasən, dronlar, həm də
raketlərlə hücum edir. Bu arada ABŞ atəşkəs əldə olunmasına
çalışır.
Putin ötən ay Qələbə günü münasibətilə üçgünlük atəşkəs təklif
edib. Ukrayna prezidenti Volodimir Zelenski isə 30 günlük təkliflə
çıxış edib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Putinin
göstərişi qüvvədə qalır, amma Ukrayna qüvvələri atəş açarsa, Rusiya
buna cavab verəcək.
Zelenski Moskvaya səfər edən dövlət xadimlərinin təhlükəsizliyi
üçün Kiyevin məsuliyyət daşımadığını bildirib. Ukrayna hərbi
kəşfiyyatının başçısı qonaqlara xəbərdarlıq edib ki, özləri ilə
"qulaq tıxacları götürsünlər".
Rusiya rəsmiləri Moskva və ətraf regionun sakinlərinə bu həftə
fişəng atmamaq xəbərdarlığı edib. İnternet xidmətlərinin sürətinin
azaldılacağı açıqlanıb, görünür, mümkün dron uçuşlarını önləmək
istəyirlər.
Praqadan siyasi şərhçi İvan Preobrajenskinin fikrincə,
"Qırmızı Meydanı vurmağın mənası yoxdur". O,
"Current Time"a deyib ki, Ukrayna dronları Moskvaya çata bilər,
"amma problem ondadır ki, bu halda Rusiya propaqandası bunu
xarici liderlərə qarşı sui-qəsd kimi təqdim edəcək, bu isə indiki
durumda Ukrayna üçün faydalı deyil".
Hərtərəfli strateji
tərəfdaşlıq
Moskva qətiyyətli qələbə qazana bilmədiyindən canlı qüvvə və
texnika üçün başqa yerlərə, məsələn, Şimali Koreyaya üz tutub.
Şimali Koreya artıq Rusiyaya yüz minlərlə artilleriya mərmisi,
həmçinin ballistik raketlər verib.
2024-cü ilin sonuna yaxın 11 minədək Şimali Koreya əsgəri Rusiya
qüvvələri ilə yanaşı savaşmağa cəlb olunub. Onlar, əsasən,
Ukraynanın ötən yay tutduğu Kursk vilayətində döyüşlərdə iştirak
ediblər. Rusiya komandirləri Ukrayna qüvvələrinin Kurskdan
çıxarılmasında onların rolunu qeyd edib.
Əməkdaşlığın dərinləşməsinin digər əlamətləri də var. Yaralı Rusiya
əsgərlərinin müalicə üçün Şimali Koreyaya göndərildiyi, bu ölkədən
minlərlə işçinin Uzaq Şərqdə tikintiyə cəlb olunduğu
bildirilir.
Şimali Koreya sakinləri artıq bəzi tədbirlərdə də görünməyə
başlayıblar. Vladivostokda Qələbə günü öncəsi tədbirlərdə Şimali
Koreyadan uşaqlar görüntüləniblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415