ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukrayna və Rusiya
arasında birbaşa danışıqlara çağırıb və deyib ki,
Moskvanın qonşusuna qarşı apardığı müharibəyə son qoyacaq
razılaşmaya təmaslar olmadan nail olmaq mümkün deyil.
Mayın 7-də verdiyi açıqlamada Vens bildirib ki, Rusiya "çox şey
tələb edir", lakin eyni zamanda vurğulayıb ki, Ukrayna 30 günlük
atəşkəs ideyasına həddindən çox aludə olmamalıdır.
Onun sözlərinə
görə, "tərəflər arasında uçurum böyükdür", lakin o, müharibənin
başa çatma ehtimalına dair "müəyyən qədər" nikbindir.
Vens Vaşinqtonda keçirilən tədbirdə deyib:
"Siz
Rusiyanın müharibəyə bəraət qazandırmasını qəbul etməyə məcbur
deyilsiniz, amma onların mövqeyini anlamağınız vacibdir — yəni
müharibəni dayandırmaq üçün onlardan nə tələb olunduğunu danışmağa
vadar etmək lazımdır. Ruslar müəyyən tələblər irəli sürürlər və biz
hesab edirik ki, onlar çox şey istəyirlər".
"Hazırda atmalı olduğumuz əsas addım odur ki, Rusiya və Ukrayna
bir-biri ilə danışmağa başlamalıdır. Biz hesab edirik ki, heç
olmasa, müəyyən birbaşa danışıqlar olmadan bu prosesi tam şəkildə
vasitəçiliklə idarə etmək, yəqin ki, mümkün deyil", -
o əlavə edib.
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Qırmızı Meydanda
keçiriləcək paradda Çin lideri Si Cinpin və digər bir sıra
ölkələrin rəhbərlərini qəbul etməyi planlaşdırır. O, ötən ayın
sonunda bəyan etmişdi ki, Rusiya mayın 8-dən 10-dək 72 saatlıq
atəşkəs elan edəcək və eyni addımı atmağa Ukraynanı da çağırıb.
Ukrayna prezident Volodimir Zelenski bu təşəbbüsü "mənasız təbliğat
addımı" adlandırıb və bildirib ki, Rusiya azı 30 günlük, şərtsiz
atəşkəsə razılaşmalıdır. Bu, ABŞ-nin martda irəli sürdüyü təklifə
uyğundur. Ukrayna həmin təklifi qəbul etsə də, Rusiya qəbul
etməyib.
"ABŞ atəşkəsdə israr
etmir, uzunmüddətli həll istəyir"
Vensin sözlərindən belə görünür ki, o, Kiyevin 30 günlük atəşkəs
məsələsində israr etməməli olduğunu düşünür: "Hazırda Rusiya və
Ukrayna mövqeləri arasında uçurum böyükdür, amma indi müəyyən
dərəcədə nikbinəm. Biz artıq 30 günlük atəşkəsə aludəçilikdən
uzaqlaşmağa çalışırıq. Əgər sağlam düşüncə qalib gəlsə, biz bu qan
tökülməni dayandıra bilərik".
Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı
genişmiqyaslı işğaldan bəri on minlərlə hərbçi və ukraynalı mülki
şəxs həyatını itirib. ABŞ prezidenti Donald Tramp müharibəni
bitirmək üçün vasitəçilik cəhdləri etsə də, hava hücumları və ağır
döyüşlər davam edir.
ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, əgər yaxın vaxtlarda sülh
istiqamətində ciddi irəliləyiş baş verməsə, Vaşinqton bu
təşəbbüsdən çəkilə bilər. Bundan əlavə, ABŞ-ın Ukraynaya hərbi
yardımının gələcəyi də qeyri-müəyyən olaraq qalır və bu, Avropanın
üzərinə daha böyük məsuliyyət qoyur.
"Müharibəni Birləşmiş
Ştatlarsız bitirə bilmərik"
Parisə kansler kimi ilk xarici səfərində Almaniyanın yeni rəhbəri
Fridrix Merts mayın 7-də bildirib ki, Avropa İttifaqının bütün
üzvləri müdafiə xərclərini artırmalıdırlar:
"Yalnız bu
yolla biz müdafiə qabiliyyətimizdəki boşluqları tədricən aradan
qaldıra və Ukraynanı birgə şəkildə dəstəkləyə
bilərik".
Merts Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədə Almaniya və
Fransaya arxalanmağa davam edə biləcəyini söyləyib. Ancaq o əlavə
edib ki,
"Biz bu müharibəni... Birləşmiş Ştatların
davamlı iştirakı olmadan bitirə bilmərik, bu, avropalıların əvəz
edə biləcəyi bir şey deyil".
2014-cü ildə Krım yarımadasını ələ keçirən və Ukraynanı Donbas
bölgəsində müharibəni qızışdıran Rusiya hazırda Ukraynanın beşdə
birinə nəzarət edir. Tramp administrasiyasının üzvləri Kiyevin sülh
istəyirsə, bəzi əraziləri Rusiyaya verməli olacağını irəli
sürürlər.
Vitse-prezident Vens açıqlamasında Rusiyanın hansı tələblərinin və
ya istəklərinin ABŞ üçün qəbul edilməz olduğunu deməyib.
ABŞ-nin keçmiş prezidenti Co Bayden yanvarda vəzifəsini tərk
etdikdən sonra ilk müsahibəsində BBC-yə deyib ki, Putin Ukraynaya
nəzarət etmək istəyir.
"Onun dayanacağını düşünən hər
kəs axmaqdır", - o əlavə edib.
Baydenin mayın 7-də dərc olunan müsahibəsini Ağ ev hələ şərh
etməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415