Daraxvelidze: Aksiyalarda xaricilər iştirak edirdilər, qanun olmadığından onları deportasiya edə bilmədik
Dünən,13 may tarixində “Gürcü Arzusu” parlamenti Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə hazırlanmış qanunvericilik paketini I oxunuşda müzakirə edib və qəbul edib. Bu dəyişikliklər xarici ölkə vətəndaşlarına aiddir.

Qanun layihəsi 18 qanuna dəyişiklikləri əhatə edir, o cümlədən “Beynəlxalq müdafiə haqqında”, “Xaricilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunlara, həmçinin administrativ və cinayət məcəllələrinə.

Layihəni “Gürcü

Arzusu”nun DİN nazir müavini Aleksandre Daraxvelidze təqdim edib. Onun sözlərinə görə, toplantı və mitinqlərlə bağlı qaydaları pozan və ya xırda xuliqanlıq edən xariciləri ölkədən çıxarmaq üçün hüquqi mexanizm olmalıdır.

Daraxvelidze bu kontekstdə Aİ-yönlü etiraz aksiyalarını qeyd edərək bildirib ki, bu aksiyalarda “destruktiv fəaliyyətlərə qarışmış” xarici vətəndaşlar iştirak edirdi. Onun sözlərinə görə, “bu aksiyalarda iştirak edən xarici vətəndaşlar çoxsaylı ölkələrdən idilər”.

Onun sözlərinə görə, aksiyalar zamanı saxlanılan və destruksiyada iştirak etmiş xaricilərə məhkəmə tərəfindən inzibati həbs cəzası tətbiq olunub, lakin onların deportasiyası üçün hüquqi əsas yox idi – belə şəxslər Gürcüstanda 1 il vizasız qala bilirlər.

“Yeni dəyişiklik bizə imkan verəcək ki, ölkəyə destruktiv məqsədlə gələn şəxslərə qarşı ölkədən çıxarılma və müəyyən müddətə Gürcüstana giriş qadağası tədbiri tətbiq edək. Bu, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edəcək”,
– deyə Daraxvelidze bildirib.

O əlavə edib ki, aksiyalardan bir neçə gün əvvəl bu şəxslərin bir hissəsi ölkəyə daxil olub və bəziləri insanları destruktiv hərəkətlərə çağırırdı. Əgər təşkilatçılıq faktları sübut olunsaydı, onların cinayət məsuliyyətinə cəlb olunması da mümkün olardı.

“Etirazlardan sonra dövlət bu cür şəxsləri saxlamağa və inzibati sanksiyalar tətbiq etməyə başlayandan sonra iştirakçıların sayı azaldı. Lakin 10–15 günlük inzibati həbslərə baxmayaraq, həmin şəxslərin 1 illik vizasız qalmaq hüququ olduğuna görə deportasiya prosesi başlana bilmədi”, – deyə Daraxvelidze bildirib.

Yeni mexanizmlər nəyi nəzərdə tutur?

Daraxvelidze qeyd edib ki, xaricilərin törətdiyi xırda xuliqanlıq, polisə itaətsizlik, toplantı və nümayiş qaydalarının pozulması kimi hallar bu dəyişikliklərə daxildir. Bu kimi davranışlar aksiyalarda dövlət və polisə qarşı istifadə olunur.

“Əgər biz effektiv hüquqi mexanizmə sahib olsaq və destruktiv davranışlara qarşı tədbir görsək, bu, gələcəkdə bu cür qüvvələrin aksiyalara cəlb edilməsinin qarşısını alacaq”,
– deyib DİN nazir müavini.

Əsas dəyişikliklər nələrdir?

• Administrativ Xətalar Məcəlləsində təklif olunan dəyişikliklərə əsasən:

Xaricinin xırda xuliqanlıq, polis əməkdaşına tabe olmamaq, dövlət vəzifəlisinə və ya məmura qarşı təhqiramiz ifadələr işlətməsi halları deportasiya və 3 ilədək ölkəyə girişin qadağan olunması ilə nəticələnə bilər.

Bu cəza toplantı və nümayiş qaydalarının pozulması hallarına da şamil olunacaq.
• Administrativ Xətalar Məcəlləsində yeni cəza növü müəyyənləşdirilir:
– xaricinin Gürcüstandan çıxarılması və müəyyən müddətə ölkəyə girişinin qadağan edilməsi.
• Cinayət Məcəlləsində də yeni cəza forması tətbiq olunur:
– xaricinin Gürcüstandan çıxarılması və müəyyən müddətə ölkəyə daxil olmasının qadağan edilməsi.

Viza rejiminin pozulmasına görə cərimələr artırılır

Daraxvelidzenin sözlərinə görə:
  • Əgər xarici şəxs 3 aya qədər Gürcüstanda qalma qaydalarını pozarsa, 1000 lari cərimə və 6 ay ölkəyə giriş qadağası tətbiq olunacaq. (Hazırda 180 laridir)
  • 3 aydan 1 ilə qədər qaydanı pozarsa – 2000 lari cərimə və 2 il giriş qadağası
  • 1 il və ya daha çox pozarsa – 3000 lari cərimə və 3 il giriş qadağası
Əmək miqrasiyası və sığınacaq qaydalarında dəyişikliklər

Daraxvelidze bildirib ki, qanun layihəsinin ikinci oxunuşuna qədər dəqiqləşdiriləcək:
  • Əgər xarici vətəndaşın Gürcüstanda işləmək icazəsi yoxdursa və işəgötürən onu işə götürürsə, həmin şirkətə qarşı cərimə tətbiq olunacaq.
Qanun layihəsi həmçinin aşağıdakılarla bağlı dəyişikliklər nəzərdə tutur:
  • Sığınacaq üçün müraciətin sürətləndirilməsi, əgər xarici şəxs ölkəyə daxil olduqdan sonra 1 ay ərzində müraciət etməyibsə.
  • Əgər xarici şəxsin ölkəyə daxil olması dövlət təhlükəsizliyinə təhdid yaradırsa, onun sığınacaq müraciəti sərhəddə, ölkəyə buraxılmadan qiymətləndiriləcək.
  • Sığınacaq qərarlarının qəbul və şikayət müddətləri xeyli qısaldılır.
  • Elektron üsulla qərarların çatdırılması qaydası tətbiq olunur – bu da şikayət müddətinin izlənməsini asanlaşdıracaq.
  • Əgər xarici şəxs barəsində deportasiya araşdırması gedirsə və ya deportasiya qərarı qəbul olunubsa, ona yaşayış icazəsi verilməsi məhdudlaşdırılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google