Bakı və Yerevan hazırda sülh sazişinin imzalanma vaxtı və digər
texniki məsələlərlə bağlı razılığa gəlmək üçün ikitərəfli
müzakirələr aparır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Respublika Günü ilə
bağlı Sardarapat Memorial Kompleksində çıxışı zamanı bəyan
edib.
Paşinyan deyib ki, artıq müharibə deyil, sülh olacaq.
"Biz artıq itkilərlə dolu tarixi bir dövrü arxada
qoymuş, nailiyyətlər dövrünə daxil olmuşuq. Ermənistan
Respublikasının yol yoldaşları artıq bədbinlik və ümidsizlik deyil.
Sülh və təhlükəsizlik Ermənistanın uzunmüddətli yoldaşlarına
çevriləcək – müharibə olmayacaq, sülh olacaq", -
Paşinyan vurğulayıb.
Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa
gəldiyini xatırladan hökumət başçısı bildirib ki, hazırda sənədin
imzalanmasının detalları üzrə ikitərəfli məsləhətləşmələr
aparılır.
Paşinyanın sözlərinə görə, erməni xalqı tarixi və dünyanı hələ də
Sovet İttifaqının imperialist təbliğatının aşılamış olduğu
formullar vasitəsilə dərk etməyə davam edir.
"Dövlətimizin və kimliyimizin davamlılığını təmin etmək
üçün ilk növbədə biz məhz bunu aşmalıyıq. Bunun nəticəsində bir
sıra əsas reallıqları dərk edib mənimsəyə biləcəyik",
–o bildirib.
"Bizim kimliyimiz – bizim dövlətimizdir, bizim
dövlətimiz – bizim kimliyimizdir. 29.743 kvadratkilometr beynəlxalq
səviyyədə tanınmış əraziyə malik Ermənistan Respublikası xalqımızın
itkilərinin deyil, nailiyyətlərinin ifadəsidir. Xalqımızın artıq
bir vətən axtarmağa ehtiyacı yoxdur", – o
vurğulayıb.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş,
Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal
edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin
sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra
Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük
əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə"
adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi
Ermənistana köç edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar
aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə,
tərəflər mart ayında saziş üzrə bütün maddələrin razılaşdırıldığını
açıqlayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415