"Birgə İnvestisiya Fondunun" keçmiş rəhbəri Qiorqi Baçiaşvili
"Mtkvari SES" işi üzrə məhkəmə prosesində özünün saxlanılması
barədə danışıb.
Baçiaşvilinin sözlərinə görə, o, oğurlanıb, iki gün bağlı gözlərlə
gəzdirilib və "Airzena" aviaşirkətinə məxsus təyyarə ilə Gürcüstana
gətirilib.
"Mən özümü tamamilə günahsız hesab edirəm, haqqımda
qaldırılmış bütün cinayət işləri saxtalaşdırılıb.
Hazırda mən İvanişvilinin şəxsi məhbusuyam və bu gün sizə yeni
beynəlxalq cinayət faktı barədə məlumat vermək istəyirəm – bu,
şəxsən İvanişvilinin göstərişi ilə baş verib.
Şənbə günü, 24 mayda məni xaricdən oğurladılar, gözlərimi
bağladılar və iki gün vəkil, prokuror, hakim və ailəmlə əlaqə
yaratmaq imkanım olmadan belə gəzdirildim. Daha sonra isə birbaşa
təyyarəyə – 'Airzena'ya məxsus Bombardier təyyarəsinə mindirildim
və bütün qanunların pozulması ilə Gürcüstana gətirildim.
Gürcüstan tarixində çoxlu belə hallar olub… Amma bu dəfə, hazırkı
hökumət adlandırılan cinayətkar qrup öz kölgəsini də keçdi.
Mən bilmirəm hansı məlumatı verdilər və hansı yalanları uydurdular
başqa dövlətə ki, belə bir əməliyyat mənə qarşı həyata keçirildi.
Amma sizə demək istəyirəm ki, həmin dövlət böyük səhvə yol verdi və
mənim oğurlanma əməliyyatı beynəlxalq miqyas aldı", –
deyə Baçiaşvili bildirib.
Baçiaşvilinin sözlərinə görə, İnterpol onun axtarışını
dayandırmışdı və Gürcüstan hökumətinin onu ekstradisiya etmək üçün
qanuni yolu yox idi.
"Gürcüstan hökumətinin mənim ekstradisiyam üçün qanuni
imkanı yox idi, çünki mənim vəkillərimin müraciəti əsasında
İnterpol axtarışı dayandırmışdı. İnterpol üçün bir neçə gün kifayət
etdi ki, mənim cinayət təqibimin siyasi motivli olduğunu müəyyən
etsin.
Nəticədə, Gürcüstan nümayəndələri – Bidzina İvanişvilinin göstərişi
ilə – bandit üsullara əl atdılar və məni oğurlayıb Gürcüstana
gətirdilər. Bununla onlar təkcə Avropa İnsan Hüquqları
Konvensiyasını deyil, həm də beynəlxalq hüququn və o ölkənin
qanunlarını pozdular ki, mən həmin ölkədə olurdum.
Sizdən xahiş edirəm ki, bu bəyanatımı yeni istintaqın başlanması
üçün əsas kimi qəbul edəsiniz. Mən bütün detalları izah etməyə
hazıram – təkcə istintaqa inandığım üçün yox, həm də cəmiyyətə bir
daha göstərmək üçün ki, hansı ölkədə yaşayırıq və bütün dövlət
kimlərin sifarişlərini yerinə yetirir. Bu qəbuledilməzdir və
ölkəmiz üçün bir rüsvayçılıqdır.
Hazırda siz Bidzina İvanişvilinin şəxsi məhbusunu mühakimə
edirsiniz və bu işlərə görə hər kəs gec-tez cavab verəcək. Tea
Tsulukianinin şouları bunun yanında heç nədir – buna inanın. Bunu
açıq şəkildə və hamının eşidəcəyi formada deyirəm, o cümlədən mənim
prokuroruma", – deyə Baçiaşvili əlavə edib.
Baçiaşviliyə “Mtkvari SES” işi ilə bağlı Gürcüstan CM-nin 220-ci
prima maddəsinin 2-ci hissəsi üzrə ittiham irəli sürülüb. Bu maddə
səlahiyyətli şəxsin vəzifə borcunu yerinə yetirməməsi və ya
lazımınca yerinə yetirməməsini və bunun ağır nəticələrə səbəb
olmasını nəzərdə tutur. Cəza kimi 2 ildən 5 ilədək azadlıqdan
məhrumetmə nəzərdə tutulur.
Prokurorluğun iddiasına görə, Baçiaşvili investisiya layihələri və
aktivləri qeyri-effektiv idarə edib və risklərin qarşısını almaq
üçün tədbir görməyib.
Bu gün keçirilən məhkəmə prosesində ittiham tərəfi Baçiaşvili
barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvi barədə vəsatət
qaldırıb. Prokuror Mixeil Sadradzenin sözlərinə görə, Baçiaşvili
“bitkoin işi” üzrə artıq 11 il azadlıqdan məhrum edildiyindən,
əlavə həbs tədbiri tətbiqinə ehtiyac qalmayıb.
Hakim Nana Şamatava prokurorluğun vəsatətini təmin edib və həbs
qətimkan tədbirini ləğv edib.
Növbəti məhkəmə iclası 24 iyul saat 12:00-a təyin olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına görə, Baçiaşvili 26 may
tarixində saxlanılıb. Qurum bildirir ki, onlar "anonim məlumat
əsasında" Baçiaşvilinin Qırmızı körpü ilə Sadaxlı arasında yerləşən
"yaşıl sərhəd" zonasına yaxın ərazidə hərəkət etdiyini
müəyyənləşdiriblər.
4 martda Baçiaşvili bəyan etmişdi ki, real təhlükələr barədə
“etibarlı məlumat” alıb və 2 martda ölkəni tərk etməyə məcbur olub.
O bildirmişdi ki, Gürcüstandan çıxmaq üçün "sistemdəki boşluqlardan
və bəzi şəxslərdən" istifadə edib. Hər iki pasportu əlindən alınsa
da, ölkəni tərk etməyə nail olub.
Qiorqi Baçiaşviliyə “bitkoin işi” üzrə 11 il həbs cəzası
verilib.
“Bitkoin işi”ndən əlavə, Baçiaşviliyə daha iki cinayət işi üzrə də
ittiham irəli sürülüb – dövlət sərhədini qanunsuz keçmək və
“Mtkvari SES” işi.
Ona qarşı Gürcüstan CM-nin 344-cü maddəsinin 1-ci hissəsi ilə də
ittiham irəli sürülüb. Bu maddə dövlət sərhədinin qanunsuz
keçilməsini nəzərdə tutur və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə
cəzası ilə nəticələnə bilər.
“Mtkvari SES” işi üzrə Baçiaşviliyə Gürcüstan CM-nin 220-ci prima
maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə
səlahiyyətli şəxsin vəzifəsini yerinə yetirməməsini və ya lazımi
şəkildə yerinə yetirməməsini nəzərdə tutur ki, bu da ağır
nəticələrə gətirib çıxarıb. Cəza olaraq 2 ildən 5 ilədək həbs
nəzərdə tutulur.
Prokurorluğun iddiasına əsasən, Baçiaşvili investisiya layihələrini
və aktivləri qeyri-effektiv idarə edib, risklərin qarşısını almaq
üçün tədbir görməyib.
Nəticədə, qurumun məlumatına görə, “Mtkvari SES” layihəsinin
investisiya həcmi və istismara verilmə müddəti lazımi səviyyədən
artıq dərəcədə artıb ki, bu da layihənin gəlirliliyinə mənfi təsir
göstərib. Onun investisiya dəyəri təxminən 100 milyon ABŞ dolları
artaraq 240 milyon ABŞ dollarına çatıb. Diqqətəlayiq məqam isə
ondan ibarətdir ki, bu qədər böyük xərclərə baxmayaraq, SES hələ də
istismara verilməyib və nəticədə investorun qanuni maraqlarına
ciddi zərər dəyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415