Birləşmiş Ştatlar və İran iki ölkə arasında gərginliyin yüksək,
etimadın aşağı olduğu bir dönəmdə danışıqlar masasına qayıtmağı
planlayırlar.
AzadlıqRadiosunun mənbələri danışıqların ilkin olaraq iyulun 10-da
Osloda planlaşdırıldığını deyirdilər. İndi isə görüşün, çox güman,
gələn həftəyə keçirildiyi bildirilir.
AzadlıqRadiosunun İran məsələləri üzrə yazarı Kian Şərifi yazır ki,
danışıqlar baş tutarsa, uzun müddətdir ədavətli mövqedə olan iki
ölkə
arasında nüvə diplomatiyasına yenidən təkan verə bilər. Həm də
bu, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə birgə zərbələrindən
bir neçə həftə sonraya təsadüf edəcək.
İsrail İrana hücumları iyunun 13-də başladıb. İki gün sonra
Tehranla Vaşinqton İranın nüvə proqramı üzrə danışıqların altıncı
raundunu keçirməliydi.
ABŞ prezidenti Donald Tramp daha sonra İsrailə qoşularaq İranın
nüvə obyektlərinə zərbə endirilməsinə icazə verdi. Bir neçə gün
sonra isə Vaşinqtonun vasitəçiliyi ilə atəşkəs razılaşması əldə
olundu.
İranın xarici işlər naziri Abbas Ərağçi iyulun 8-də "The Financial
Times"da rəy yazısında sual edir ki, "xoş niyyətimizə iki nüvə
silahlı ordunun hücumu ilə cavab veriləndən sonra Tehran gələcək
əməkdaşlığa necə etibar edə bilər?".
Trampın dəyişən
strategiyası...
Tramp İranla "daimi saziş" əldə olunmasından danışsa da, belə bir
sazişə nələrin salınacağını açıqlamayıb. Amma onun son addımları
qısamüddətli böhran idarəçiliyindən daha geniş strategiyaya
keçdiyini göstərir, yəni İranın nüvə proqramıyla bağlı razılaşmanın
əldə olunmasına, regional nüfuza, Yaxın Şərqdə daha geniş
təhlükəsizlik arxitekturasına.
İran hətta İsraillə 12 günlük müharibədən sonra belə diplomatiyaya
sadiq qaldığını israrla bildirir. Amma eyni zamanda istənilən
sazişin İsrailin gələcək hücumlarını önləyəcəyinə təminat
istəyir.
Atəşkəs iyunun 24-də qüvvəyə minəndən Tramp İranın nüvə proqramının
durumunu nəzərə alaraq Tehranla razılaşmaya dair qarışıq siqnallar
göndərib. O, İranın nüvə obyektlərinin tam dağıdıldığını iddia
edib. İran obyektlərə böyük ziyan dəydiyini desə də, nüvə
proqramını, uranın zənginləşdirilməsini davam etdirəcəyini
söyləyib.
...İranın
kartları
Zərbələrdən sonra İran rıçaqlarını itirsə də, əlində bəzi kartlar
qalır. Zərbələrdən öncə İranın 60 faizədək zənginləşdirilmiş 400
kiloqramdan çox uranı vardı və onun bir hissəsini başqa yerə
köçürdüyü bildirilir. 60 faizədək zənginləşdirmə nüvə silahı
hazırlamağa yaxın səviyyə deməkdir.
Beynəlxalq Atom Enerji Agentliyi (ABEA) bu materialın yerini
bilmədiyini deyir.
İran bu arada müfəttişlərlə əməkdaşlığı dayandırıb, BMT-nin nüvə
agentliyi ilə paylaşdığı informasiyanın zərbələrə imkan verdiyi
ehtimalını səsləndirib.
Tramp isə xəbərdarlıq edib ki, İran yüksək səviyyədə uran
zənginləşdirməni bərpa etsə, daha bir bombalama kampaniyasına
göstəriş verəcək.
Tehranla Vaşinqton diplomatiya istədiklərini desələr də, İrana
saziş ABŞ-dən daha çox lazımdır, - K.Şərifi yazır. Razılaşma
olmasa, gələcəkdə hərbi tədbirlər təkrarlana, İrana BMT-dən
sanksiyalar gələ bilər, Avropa ölkələri sanksiyaların bərpa oluna
biləcəyini dilə gətiriblər.
Müəllif qeyd edir ki, Osloda gözlənən danışıqlarda proqres
olacaqmı, yoxsa sadəcə vaxt qazanmaq üçün keçiriləcək, bundan asılı
olmayaraq bir şey aydındır: diplomatiyaya qaytaran yol inamsızlıq,
itirilmiş şanslar, qarşılıqlı təhdidlərlə minalanmış sahədən keçir.
Hər iki tərəf danışır, amma razılaşma üçün daim açıq qalan qapı
sonucda gerçəkdən bağlana bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415