1989-cu ilin iyulunda Mixail Qorbaçovun "qlasnost" islahatlarının
yüksəliş dövründə 64 yaşlı ukraynalı təqaüdçü sanki daha
qaranlıq bir dövrə qayıdışı xatırladan məhkəmə prosesindən sonra
Kiyev şəhərində bir həbsxananın zirzəmisində güllələnərək edam
edilib.
Bundan iki il əvvəl İvan Qonçaruk Xarkov yaxınlığında yerləşən
kənddəki evindən, üzərində heç bir nişanı olmayan avtomobillə gələn
sovet polisi tərəfindən aparılıb.
Tarixçi Lesya Bondarukun sözlərinə görə, həmin vaxt İ.Qonçaruk
dovşanlarına baxırdı. Tarixçinin Qonçarukun işi ilə bağlı kitabı bu
il nəşr olunacaq. İvanın həyat yoldaşı Anna isə ərinin hara və niyə
aparıldığından xəbərsiz idi.
"Həmin adamlar axtarış aparıb, sənədləri müsadirə
ediblər. İvandan paltarını dəyişməsini istəyiblər və onu
aparıblar", - Bondaruk AzadlıqRadiosunun Ukrayna
xidmətinə deyir.
Qonçaruk 45 il əvvəl etdiklərinə görə edam olunub: İkinci Dünya
müharibəsində nasist işğalı zamanı Qərbi Ukraynada yaradılmış
Ukrayna Üsyançı Ordusuna (UPA) qoşularaq həm nasistlərə, həm də
sovet ordusuna qarşı döyüşdüyünə görə.
O, Sovet hökuməti tərəfindən edam edilən son UPA üzvü kimi
tanınır.
Bondarukun
sözlərinə görə, İ.Qonçaruk həbs olunmazdan qısa müddət
əvvəl anonim bir məktub alıbmış:
"Ehtiyatlı ol,
keçmişinlə bağlı sənin əleyhinə araşdırma
aparırlar".
Tarixçi L.Bondaruk deyir ki, Qonçaruk 1944-cü ildə nasist qüvvələri
onun yaşadığı Volın bölgəsindən geri çəkildikdən sonra UPA-ya
qoşulub.
Qonçaruk bundan əvvəl də bir dəfə həbs olunubmuş. Müharibə
bitdikdən sonra sovet təhlükəsizlik orqanları ukraynalı
millətçiləri ovlayırdı.
O, şou xarakterli məhkəmə prosesində ölüm cəzasına məhkum edilir,
lakin sonradan bu cəza Sibirdə 20 il həbs cəzası ilə əvəz olunur.
1956-cı ildə sovet lideri İosif Stalinin ölümündən sonra baş verən
siyasi yumşalma dövründə o, azadlığa buraxılır.
"Sovet imperiyası
çökürdü"
Onun onilliklər sonra yenidən həbs olunması Qorbaçovun rəhbərliyi
dövründə siyasi məhbusların azad edildiyi bir vaxta təsadüf
edirdi.
Bu, həmçinin Ukrayna və digər sovet respublikalarında milli
hisslərin yenidən baş qaldırdığı bir dövr idi, cəmi bir neçə il
sonra, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə bu
respublikalar müstəqilliklərini elan edəcəkdilər.
"Sovet imperiyası çökürdü. Ukraynalı dissidentlər və
hüquq müdafiəçiləri fəallaşmışdılar", - Ukrayna Milli
Yaddaş İnstitutunda çalışan Bondaruk deyir.
"Bəlkə də,
bu məhkəmənin təşkilatçıları düşünürdülər ki, onlar əhalini
sakitləşdirə bilərlər və bu məhkəmə işi kimi addımlar insanları
qorxutmağa və öz mövqelərini qoruyub saxlamağa kömək
edəcəkdi".
Polşanın Lyublin Universitetinin Beynəlxalq Yaddaş Tədqiqatları
Laboratoriyasının rəhbəri Georgi Kasyanov deyir ki, o zaman KQB-nin
Ukrayna bölməsinin rəhbəri Nikolay Qoluşko sərt xətt tərəfdarı kimi
tanınıb.
"Onlar bu işi müxalifətin bir hissəsini gözdən salmaq
üçün istifadə etməyə qərar verib, çünki müxalifətin bir hissəsi
mütləq UPA veteranları ilə, yəni 50-ci illərdə azad edilmiş
şəxslərlə bağlı köklərə və əlaqələrə malik idi", - o,
AzadlıqRadiosuna deyir.
"Qonçaruk da bu qrupdan
idi".
Nasizm
ittihamları
Bondaruk deyir ki, sonrakı məhkəmə prosesi "tam bir saxtakarlıq"
olub:
"Məhkəmədə insanlar onlara verilmiş rolları ifa
edir, əvvəlcədən hazırlanmış ifadələri
verirdilər".
Onların arasında bir qadın da var idi, o deyirdi ki, guya Qonçaruk
1944-cü ildə, o, 12 yaşında olarkən, atasını öldürən dörd nəfərdən
biri olub. Müdafiə vəkili isə deyib ki, qadının bu qədər il sonra
Qonçaruku tanıması mümkün deyil.
Kasyanovun sözlərinə görə,
"hətta Sovet ədliyyə sistemində
belə bu, tamamilə qanunsuz idi. Sovet qanunlarına görə, onu eyni
cinayətə görə yenidən cəzalandırmaq olmazdı".
Qonçaruk barədə hökm çıxaran hakim Boris Plaxtiy idi, lakin ölüm
cəzası ilə bağlı işi onun müavini Sergiy Kipen irəli sürüb.
"Plaxtiy və Kipen yüzlərlə insanı QULAQ düşərgələrinə
həbs cəzasına məhkum ediblər… Və sonra bu insanlar üçün
reabilitasiya da rədd edilib", - Bondaruk qeyd
edir.
İllər əvvəl başqa bir keçmiş UPA üzvünü də ölüm cəzasına məhkum
edən Plaxtiy şərhlə bağlı zənglərə cavab verməyib. AzadlıqRadiosu
Kipenə iş barədə sual vermək üçün zəng etdikdə isə o, telefonu
qapadıb.
İ.Qonçaruk iki il Ukraynanın şimal-qərbindəki Lutsk həbsxanasında
yatıb. Meyitinin geri qaytarılmayacağını ehtimal edən Qonçaruk edam
edilməzdən əvvəl protez dişlərini yaxınlarına göndəribmiş.
Rəsmi sənədlərə görə, o, 12 iyul 1989-cu ildə edam edilib.
Hazırda 95 yaşı olan Anna isə hələ də ərinin harada dəfn olunduğunu
bilmir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415