Keşəli kəndində koronovirusa görə tibbi yoxlanış keçirilib - Foto
Uzun zamandır davam edən koronavirusa görə insanlar evlərindən çıxa bilmirlər.
Rayonlarda, kəndlərdə və bir çox yerlərdə giriş-çıxışa qadağalar qoyulub. Koronavirusun qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılır. Həmçinin bir çox kəndlərdə həkimlər ev-ev gəzərək insanları yoxlayırlar.

Yoxlanılan kəndlər sırasında bu gün Marneuli rayonunun Keşəli kəndi də var idi. Yoxlama zamanı əgər koronavirusun hər hansı bir əlaməti aşkarlanarsa, həmin şəxs təcili surətdə xəstəxanaya aparılaraq karantinə alınır və testlərdən keçirilir.

Bəs Keşəli kəndində koronavirusun hər hansı əlamətinə rast gəlinibmi? Kənd sakinləri qaydalara əməl edirlərmi?

Bununla bağlı Keşəli kəndində sorğu keçirdik.

Bu gün, kənddə tibbi yoxlanışlar keçirən 3 həkimin sözlərinə görə, bu kənddə koronavirusun heç bir əlamətinə hələ ki rast gəlinməyib. Buna arxayın olan kənd sakinləri isə öz işlərində olduqlarını və heç nədən qorxmadıqlarını dedilər.

Kənd sakinlərinin sözlərinə görə, Qırmızı körpü sərhədindən 15 km məsafədə yerləşən Keşəli kəndi sərhədə yaxın olduğu üçün daha çox yoxlama keçirilir.

“Çox şükür ki, bu vaxta kimi heç nə tapılmadı. Ümid edirik bundan sonra da heç kimə heç nə olmaz. Çünki Keşəlidə yaşayan hər kəs bir-birinə yaxın və mehribandırlar. Biz də bacardığımız qədər qaydalara riayət edirik", – kənd sakini dedi.

Qeyd edək ki, Keşəli kəndində təxminən 1000 ev var, əhalisinin sayı isə 5000 nəfərdir.
Burada yaşayan kənd sakinləri gəlirlərini istixanalardan əldə edirlər. Buna görə də satış üçün kənddən çıxaraq şəhərə getməli olurlar. Lakin virusa görə onlar heç yerə gedə bilmirlər.

Xatırladaq ki, koronovirusa görə Bolnisi və Marneuli bələdiyyələri ciddi karantin rejiminə keçib.



Müəllif: Dürdanə Xudiyeva
"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google