Marneuli meri Zaur Darğallı üç ay ərzində hər ay maaşının 1/3
hissəsini StopCov fonduna köçürəcək.
Marneuli Bələdiyyə Məclisinin 2018-ci il 2 mart tarixili
sərəncamına görə, Marneuli merinin maaşı 4 100 lari təşkil edir.
Marneuli meri növbəti üç ay ərzində hər ay maaşının 1/3 hissəsini,
yəni 1 366 lari koronavirusla mübarizə üçün yaradılmış fonda
köçürəcək.
“İstəyirəm ki, öz komandam adından vətəndaşlarımızla
həmrəylik nümayiş etdirim, “Gürcü Arzusu”, hökumət və Parlament
çoxluğunun təşəbbüsünə qoşulum, epidemiyanın qarşısının alınması
işinə öz töhfəmi verim və növbəti üç ay ərzində öz maaşımın 1/3
hissəsini koronavirusla mübarizə məqsədilə yaradılmış StopCov
fonduna köçürüm”, – Zaur Darğallı deyib.
Marneuli meri maaşının 1/3 hissəsini StopCov fonduna köçürəcəyi ilə
bağlı bəyanatı bu gün, 4 aprel tarixində keçirdiyi brifinq zamanı
verib.
Zaur Darğallı brifinq zamanı onu da qeyd edib ki, Marneulidəki uşaq
bağçalarının uşaqları üçün nəzərdə tutulmuş 60 günlük məhsul onlara
veriləcək.
Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələri 23 mart tarixində
ciddi karantin rejiminə keçib. Bu barədə qərar Marneulidə bir
qadında koronavirus təsdiqləndiyinə və onun yoluxma mənbəyi müəyyən
olunmadığına görə verilib.