Marneuli meri üç ay ərzində hər ay maaşından 1 366 lari StopCov fonduna köçürəcək
Marneuli meri Zaur Darğallı üç ay ərzində hər ay maaşının 1/3 hissəsini StopCov fonduna köçürəcək.

Marneuli Bələdiyyə Məclisinin 2018-ci il 2 mart tarixili sərəncamına görə, Marneuli merinin maaşı 4 100 lari təşkil edir. Marneuli meri növbəti üç ay ərzində hər ay maaşının 1/3 hissəsini, yəni 1 366 lari koronavirusla mübarizə üçün yaradılmış fonda köçürəcək.

“İstəyirəm ki, öz komandam adından vətəndaşlarımızla həmrəylik nümayiş etdirim, “Gürcü Arzusu”, hökumət və Parlament çoxluğunun təşəbbüsünə qoşulum, epidemiyanın qarşısının alınması işinə öz töhfəmi verim və növbəti üç ay ərzində öz maaşımın 1/3 hissəsini koronavirusla mübarizə məqsədilə yaradılmış StopCov fonduna köçürüm”, – Zaur Darğallı deyib.

Marneuli meri maaşının 1/3 hissəsini StopCov fonduna köçürəcəyi ilə bağlı bəyanatı bu gün, 4 aprel tarixində keçirdiyi brifinq zamanı verib.
Zaur Darğallı brifinq zamanı onu da qeyd edib ki, Marneulidəki uşaq bağçalarının uşaqları üçün nəzərdə tutulmuş 60 günlük məhsul onlara veriləcək.

Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələri 23 mart tarixində ciddi karantin rejiminə keçib. Bu barədə qərar Marneulidə bir qadında koronavirus təsdiqləndiyinə və onun yoluxma mənbəyi müəyyən olunmadığına görə verilib.



"Marneuli" Radiosu
Print