Marneulidə ictimai nəqliyyatın hərəkətinin bərpası nədən asılıdır

Marneuli bələdiyyəsində ictimai nəqliyyatın hərəkətinin nə zaman bərpa olunacağı hələ ki, məlum deyil. Marneuli Meri Zaur Darğallı “Marneuli” radiosuna verdiyi müsahibədə bildirdi ki, ictimai nəqliyyatın iş qrafikinin yenilənməsi mərkəzi hakimiyyətin qərarından asılı olacaq.



“Şəhərlərdə ictimai nəqliyyatın bərpası ilə bağlı Koordinasiya Şurasında nə zaman qərar qəbul etsə, bütün Gürcüstanda olduğu kimi, bizdə də bu proses başlayacaq. Tövsiyələr bütün regionlar üçün ümumidir və biz bu istiqamətdə hazırlanmış tövsiyələri mütləq nəzərə alacağıq”, – Zaur Darğallı deyir.

Qeyd edək ki, 24 aprel tarixində Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumət tərəfindən hazırlanmış böhrana qarşı iqtisadi plan təqdim edib. Plan 6 mərhələdən ibarətdir və müxtəlif obyektlərin mərhələli şəkildə açılmasını nəzərdə tutur. İctimai nəqliyyat onların siyahısına düşməyib. Qiorqi Qaxaria qeyd edib ki, bu sahə birbaşa epidemiyanın coğrafiyası və yayılma sürətindən asılıdır və onları hansısa mərhələyə əlavə etmək subyektiv olar.

Marneulidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti 17 mart tarixində dayandırılıb. Marneuli bələdiyyəsi 23 mart tarixindən bağlanıb. Hökumət bu qərarı bələdiyyədə koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra verib.

18 may tarixindən Marneuli açılacaq. Bu haqda Baş nazir Qiorqi Qaxaria 7 may tarixində, hökumət iclasında bildirib.

"Marneueli" radiosu

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google