Nərimanovun heykəli ilə bağlı sükuta qərq olmuş mer

Marneuli meri artıq beş gündür susur.


Cavabsız qoyulan onlarla zəng və mesajlar “Marneuli” radiosu üçün artıq adi vəziyyətdir. Mer susur, əhali isə Marneuli və Hucabi Yepiskopu Qiorqinin (Camdeliani) tərəfindən həftəlik ayin zamanı verilmiş bəyanatı fəal şəkildə müzakirə edir.

24 may tarixində Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) həftəlik ayin zamanı Nəriman Nərimanovun Marneuli Mədəniyyət Evinin parkında yerləşən abidəsi barədə danışıb və Marneuli merini abidənin bərpasına görə üzr istəməyə və təcili surətdə heykəlin sökülməsinə çağırıb. Yepiskopun bəyanatını ultra-milliyətçi “Gürcü marşı” hərəkatı da dəstəkləyib. Müxalifət partiyaları və mülki fəallar da bəyanat verib. Onların əksəriyyəti meri sükutu pozmağa və əhalinin suallarına cavab verməyə çağırıb.

Vahid Milli Hərəkatın Marneuli Rayon Təşkilatının rəhbəri Aqil Mustafayev “Marneuli” radiosuna bildirib ki, merin sükutu “Gürcü arzusunun” patriarxlıqla qarşı-qarşıya gəlməkdən qorxduğunu göstərir.

“Güman ki, bu məsələ ilə bağlı partiya daxilində qərar qəbul ediblər, amma çox təəssüf ki, bu gün mer susur. Bu gün mer susur və müxtəlif mətbuat vasitələrindən gizlənirsə, bu yaxşı deyil, düzgün qərar deyil və hər halda çıxmalı və öz mövqeyini bildirməlidir”, – Aqil Mustafayev deyir.

Marneuli merinin mətbuat üçün “yoxa çıxması” ilə bağlı Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən şərh vermirlər. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri deyir ki, mer Nərimanov məsələsi ilə bağlı müsahibə verəcəyi halda ilk olaraq yerli mətbuat vasitələrinə bildirəcəklər.

Marneuli merinin sükutu ilə bağlı Marneuli merinin müavini Zaur Tabatadze də müsahibə vermək istəmədi. O, deyir ki, qarşıdurma qaldırmaq heç bir tərəfin marağına daxil deyil, başqa məsələlərlə bağlı isə susmağa üstünlük verir.

Mülki İştirak və Fəallıq Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev “Marneuli” radiosuna bildirib ki, merin sükutu patriarxlığın və kilsənin ictimai məmurlara təsirinin göstəricisidir.

“Bu deməkdir ki, Marneuli meri müstəqil deyil. Ola bilsin nə edəcəyini bilir və buna istəyi də var. Amma biz indi görürük ki, o, Nərimanov mövzusunda cavab vermək istəmir, çünki kilsə buna qarşı çıxır. Biz aydın görürük ki, kilsə Marneulinin ictimai məmurlarına və Marneuli meriyasına böyük təsir göstərir”,
– Rəşan Ziyadəliyev deyir.

Ziyadəliyevin fikrincə Zaur Darğallı düşünür ki, Nərimanovla bağlı verəcəyi bəyanat onun gələcək karyerasına təsir edəcək və bu merin susmasının səbəblərindən biridir. Marneuli və Hucabinin Yepiskopunun bəyanatına “Sovet keçmişinin araşdırmılması laboratoriyası (Sovlab)” da münasibət bildirib. Sovlab yazır ki, Nərimanovun heykəli regionda yeni münaqişənin yaranmasına səbəb olmamalıdır.

“Hesab edirik ki, yüksək ruhani iyerarxiyalar Gürcüstanda sülh və insanlar arasında yaxşı münasibət olması üçün çalışmalıdırlar.”

"Abidələrin sökülməsi və ucaldılması ictimaiyyətin ortaq razılığı əsasında olmalıdır. Zorla, əhalinin razılığı olmadan abidənin sökülməsi əks təsir göstərə bilər”, – “Sovlab” yazır.


Marneuli və Hucabinin Yepiskopu Qiorqi Zaur Darğallını heykəlin bərpasını qanunsuz şəkildə həyata keçirməkdə ittiham edib və deyib ki, abidənin bərpası bələdiyyə büdcəsi ilə həyata keçirilməyib. Marneuli meriyasından “Marneuli” radiosuna abidənin bərpası üçün vəsaitin haradan ayrıldığını bildirmədilər və rəsmi məktubla müraciət etməyimizi istədilər.

Nərimanovun heykəlinin bərpası 2020-ci ilin fevral ayında başlayıb. 3 mart tarixində Marneuli meri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, abidənin bərpasə işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google