Bu gün, 29 may tarixində Marneuli meriyasında “Gi-Ti Group”la
müqavilə bağlanıb.
Müqaviləyə əsasən şirkət meriyaya “İSUZU” markalı 5 yeni avtobus
vermə öhdəliyi götürüb.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Xidmətidən verilən
məlumata görə, bələdiyyə avtobuslar almaq üçün cari ilin
büdcəsindən 1 311 000 lari ayırıb.
“Avtobuslar 25 sərnişin üçün nəzərdə tutulub. 21
oturacaq yeri var və fiziki imkanları məhdud şəxslər üçün tam
uyğunlaşdırılıb”, – meriyadan verilən məlumatda qeyd
olunub.
Marneuli bələdiyyəsinin nəqliyyat şirkəti “Marneuli Avtopark”-ın
direktoru Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, tenderdə qalib gələn şirkətlə bağlanmış müqaviləyə
əsasən avtobuslar bələdiyyəyə oktyabrda gətirilməlidir.
“Müqaviləyə görə son müddət oktyabr ayıdır, amma şirkət
nümayəndələri söz veriblər ki, avtobusları sentyabrda
gətirəcəklər”, – Qiqa Calağonia deyib.
Calağonia qeyd edir ki, beş yeni avtobus əsasən Marneuli şəhərində
xidmət göstərəcək. Ancaq yekun qərar hələ ki, məlum deyil.