„Salam” platforması qeyri-gürcü dilli əhalinin dövlətin yardım
proqramına qoşulması üçün qeydiyyatdan keçməsinə kömək edib.
“Salam”-ın üzvləri Kvemo Kartlinin beş bələdiyyəsinin 22-dən artıq
kəndinə gediblər və özünüməşğulları dövlətin 300 lari həcmində
birdəfəlik yardımını alması üçün qeydiyyatdan keçiriblər.
“Salam”-ın nümayəndələrinin bildirdiyinə görə, merin kənddəki
nümayəndələri görüşlər zamanı tez-tez onlara müxtəlif üsullarla
mane olmağa cəhd edirmiş. Bir neçə kənddə işıqları söndürüblər və
“Salam”-a əhaliyə yardım göstərmək üçün imkan verməyiblər.
“Salam”-ın üzvü Fariz Əsgər komandası ilə birgə Marneulinin 8
kəndində olub. O, bildirir ki, ən böyük problemlər Sadaxlı və
Kəpənəkçi kəndlərində yaranıb.
“Biz əsasən sadə biznesi olanların yanına gedirdik və
onlardan xahiş edirdik ki, işləmək üçün bizə yer versinlər. Elə
hallar olurdu ki, çayxana sahibləri bizə yer verirdi və.s.
Kəpənəkçi kəndinə gedəndə merin müvəkkili bizi gördü və dedi ki,
burada heç kimin problem yoxdur və heç kimin ehtiyacı yoxdur.
Baxmayaraq ki, artıq qonşu kənddən 10-ə yaxın adam toplaşmışdı.
Xoşbəxtlikdən “Salam” geniş platformadır və bizim komanda
üzvlərimizdən biri həmin kəndin sakini idi. Onun evində ofis qurduq
və əhaliyə orada kömək etdik. Sadaxlıda da problemlər yarandı.
Mədəniyyət Mərkəzinin binasına getdik, orada indi çayxana açılıb.
Sahibindən xahiş etdik ki, bizə yer versin. O, dedi ki, bizimlə heç
bir problemi yoxdur, ancaq yenə xahiş etdi ki, həmin ərazidə
işləməyək. Güman ki, kiminsə nə isə deməsindən
qorxurdu”, – Fariz Əsgər dedi.
Farizin sözlərinə görə, belə hallarda problemin əsas mənbəyi merin
inzibati ərazi vahidliyindəki nümayəndələridir. Onun sözlərinə
görə, çox hallarda merin nümayəndələri gürcü dilini də bilmirdilər.
Görəndə ki, kənddə müəyyən fəallıq həyata keçirilir problemlərinin
yaranmasından qorxublar.
“Salam”-ın təsisçilərindən Əli Məmmədovun sözlərinə görə, kənd
müvəkkillərinin əsas problemi platforma nümayəndələrinin kəndə
getmə səbəbini bilməməsidir.
“Onların problemi meriyanın məsələdən xəbərsiz olması idi və
qorxurdular ki, biz hər hansı partiyanın nümayəndələri olarıq.
Dmanisinin Qəmərli kəndində belə hal baş verdi. Səhər saatlarında
yağışa görə işləyə bilmədik və günorta başladıq. Saat 4-dən axşam
10-a kimi işlədik və 6-7 dəfə işığı söndürdülər ki, bizə mane
olsunlar. Əhali də deyirdi ki, burada işıqlar heç belə tez-tez
sönməyib. Bir gün əvvəl həmin kəndin mer nümayəndəsi və Bələdiyyə
Məclisinin üzvü bizim yanımıza gəlmişdi və iş prosesini çəkdilər,
suallar verdilər ki, haradan və niyə gəlmişik. Biz əlbəttə hər şeyi
dedik, yenə bizə mane oldular”, – Əli Məmmədov dedi.
Məmmədovun sözlərinə görə, Qardabaninin Nəzərli kəndində də
problemlər yaranıb.
“Qəssabın məkanı var idi və özü bizə orada işləməyə
icazə verdi. Həmin yeri təmizlədik, hər şeyi qurduq və sonra gəldi
xahiş etdi ki, həmin yeri tərk edək. O, dedi ki, “yuxarıdan” onu
çağırıblar və oranı tərk etməsək, onun üçün çox sayda problem
yaranacaq”, – Əli Məmmədov dedi.
“Salam”-ın Qardabani bələdiyəsinin daha bir kəndində, Vaxtanqisidə
də problemi yaranıb. Paltforma üzvü Aytac Xəlilli bildirdi ki,
kənddə işləyən zaman kənd müvəkkili gəlib və ondan soruşub ki,
kimdir və kənddə nə edirlər.
“Sanki bu adama hər şey məlum idi, dedi ki, problem
deyil, amma onun getməsindən tam beş dəqiqə keçmiş kənddə elektrik
enerjisi söndürüldü və bir saata bizim texnikamız da söndü. Buna
görə əhaliyə yardım edə bilmədik. Bizə elektrik enerjisi verən
adama da dedi ki, niyə kömək edir. Bu yeganə hal deyil. Bizim
nümayəndələrə çox yerdə mane olurdular. Ona görə də düşünürük ki,
bu təşkil olunmuş işdir”, – Aytac Xəlilli dedi.
“Salam” əhali ilə görüşlərə və dövlət proqramına qoşulmaq üçün
qeydiyyata 20 iyun tarixində başlayıb. İş prosesi 10 gün davam
edib.
Gürcüstan hökumətinin böhrana qarşı planına əsasən işsiz qalanlar,
işə götürülənlər və özünüməşğullar dövlətdən pul yardımı
alacaq.
Qeyri-rəsmi sektorda işlə təmin olunan, yaxud özünüməşğullar
gəlirini itirdiyini təsdiq edərsə, 300 lari dəyərində birdəfəlik
yardım alacaq.
Vətəndaşlar Səhiyyə Nazirliyinin veb-səhifəsində, qeydiyyat portalı
vasitəsilə qeydiyyatdan keçə bilərlər.