Mer və müavinləri Şaumiyani kitabxanasının bərpası ilə bağlı layihənin müzakirəsinə getməyiblər

Bu gün, 13 iyul tarixində Mülki Məşğulluq Mərkəzində “Gənc arxeoloqlar cəmiyyəti” layihənin ictimai müzakirəsini keçirib.


Layihə Marneuli bələdiyyəsinin Şaumyani kəndindəki kitabxananın və Melik-Paşayevin ev muzeyinin bərpasını nəzərdə tutur.

“Gənc arxeoloqlar cəmiyyətinin” nümayəndəsi Mariam Eloşvili bizimlə söhbəti zamanı bildirdi ki, görüşün əsas iştirakçıları (meriya) təqdimata gəlməyiblər və buna görə də onlar qeyri-müəyyənliyə düşüblər. Onlar Marneuli merinin müavini Laşa Lobcanidzedən layihənin həyata keçirilməsi ilə bağlı şifahi razılıq alıblarmış.

“Bizim təşkilatın ideyası mədəni irsi abidəyə yeni funksiya verməkdir. Meriya ilə bir ildir ki, təmaslarımız var. Laşa Lobcanidze ilə şifahi razılığa gəlmişik. Bizim alman həmkarımız da gəlmişdi və hamımız birgə görüşdük. Meriyadan, eləcə də Mədəniyyət Departamentindən də razılıq var idi. Təəssüf ki, biz meriyaya rəsmi məktub yazmağa başlayanda məktub gecikdi və mən Zaur Darğallı ilə görüşməyə gəldim. O, birbaşa imtina etmədi, nə də razılıq vermədi. Mənə aydın olmayan səbəblər saydı”, – Mariam Eloşvili dedi və qeyd etdi ki, səbəblərdən biri əhalinin buna qarşı çıxması idi.

“Mən başa düşmürəm, əhali buna niyə qarşı çıxsın. Ona görə merə təklif etdim ki, bununla bağlı müzakirə aparaq və o, da razılaşdı. Bu gün cənab Zaurun, yaxud digər müavinlərdən birinin gələcəyini gözləyirdim, razılaşmışdıq. Ancaq heç kim gəlmədi. Mən çalışacağam ki, Şaumyaniyə gedim və bu layihənin təqdimatını orada keçirim. Biz iki yerdən maliyyə qazanmışıq. Biri beynəlxalq, digəri isə yerlidir. Belə çıxır ki, bizim layihəmiz baş tutmur. Çalışacağıq ki, dialoq (meriya ilə) alınsın.”

Eloşvilinin bildirdiyinə görə, layihə 19-cu əsrin tarixi tikilisinin, mədəni irs obyektinin bərpasından və ona yeni funskiyaların əlavə olunmasından ibarətdir. Meriya Şaumyanidə olan kitabxana və ev muzeyinin bərpasına rəsmi razılıq verərsə, çoxfunksiyalı təhsil sahəsi yaradılacaq və orada yenidən kitabxana və muzey fəaliyyət göstərəcək. Eləcə də konfrans və mühazirə üçün məkan, arxeoloqlar və mütəxəssislər üçün elmi laboratoriya, əlavə sərgi sahəsi, təcrübələr üçün arxeoloji düşərgə və.s əlavə olunacaq.

Bugünkü görüşdə Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili iştirak edirdi. O, Gənc Arxeoloqlar Cəmiyyətinin layihəsi ilə tanış olub.

“Marneuli” radiosu hələ də meriyanın mövqeyini öyrənməyə çalışır. Biz məsələ ilə bağlı Marneuli meri Zaur Darğallı və onun müavini Laşa Lobcanidzeyə zəng vurduq. Onlar bizim zənglərimizə cavab vermirlər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google