Gürcü-Rus İctimai Mərkəzinin direktoru yepiskop Qiorqi və Marneuli yerli özünüidarəsinin üzvlərinin birgə çəkilmiş fotosunu yayımlayıb
“Primakov adına Gürcü-Rus İctimai Mərkəzinin” direktoru Dimitri Lortkipanidze 16 iyul tarixində Nəriman Nərimanovun Marneuli Mədəniyyət Evi ərazisində yerləşən abidəsinin sökülməsi və onun yerində Xudu Borçalı və İkinci Ereklenin heykəlinin ucaldılması tələbi ilə keçirilən aksiyadan sonra Marneuli və Hucabinin yepiskopu Qiorqinin (Camdeliani) Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naveriani və Marneuli meriyasının Məkan Quruculuğu və İnfrastruktur Xidmətinin rəhbəri Leri Panqani ilə birgə çəkdirdiyi şəkli yayımlayıb.

Primakov adına Gürcü-Rus İctimai Mərkəzi 2013-cü ilin 21 avqust tarixində “Beynəlxalq Əlaqələr İnstitutu” və “Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu” tərəfindən təsis olunub. Qorçakov Fondunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi 2010-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dimitri Medvedyevin sərəncamı ilə yaradıb.

Qorçakov fondu Rusiyanın yumşaq şəkildə güc tətbiq etmə alətlərindən biridir. Fondun nizamnaməsinə əsasən məqsədi beynəlxalq əlaqələr, kütləvi informasiyalar və informasiya resursları vasitəsilə elmi, mədəni və təhsil proqramlarına, xaricdə Rusiya üçün əlverişli olan ictimai fikir yaratmağa dəstək olmaq, xaricdə Rusiyanın intellektual, mədəni, elmi və işgüzar potensialını önə çəkmək, eləcə də yerli, xarici və beynəlxalq təşkilatlara maddi dəstək göstərməkdir.

Marneuli Bələdiyyə Məclisinin sədr müavini “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24 may tarixində yepiskop Qiorqinin (Camdeliani) həftəlik ayin zamanı verdiyi bəyanatdan sonra başladı. O zaman Marneuli və Hucabinin yepiskopu Nərimanovun abidəsinin bərpasına görə Marneuli meri Zaur Darğallını qanunu pozmaqda ittiham etmişdi.

Marneuli və Hucabinin yepiskopu həmçinin, bildirmişdi ki, Nərimanovun abidəsinin bərpası işləri üçün vəsait Marneuli bələdiyyəsinin büdcəsindən xərclənməyib və Marneuli meri abidəni öz vəsaiti ilə təmir etdirib. Marneuli meriyasından Nərimanovun heykəlinin bərpasına pulun haradan ayrıldığı ilə bağlı “Marneuli” radiosunun rəsmi məktubuna hələ də cavab gəlməyib.

Marneulidə abidələrə qulluq göstərmək bələdiyyənin təmizlik xidmətinin öhdəliyindədir. “Təmiz Marneulinin” direktoru Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Nərimanovun heykəlinin bərpasına 7000 lari xərclənib. Onun sözlərinə görə, şirkət abidələrə qulluq üçün büdcə ayırıb və Nərimanovun abidəsinin bərpası da merin sərəncamı əsasında məhz həmin məbləğlə həyata keçirilib.

Əsas foto: Dimitri Lortqipanidzis Facebook səhifəsindən götürülüb
Print ელ. ფოსტა
FaceBook Twitter Google