Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri
aparatı 2021-2023-cü illərin vətəndaş bərabərliyi və inteqrasiya
ilə bağlı dövlət strategiyası sənədinin tərtib olunması üzərində
işləyir.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri
aparatının vətəndaş bərabərliyi departamentinin rəhbəri Tina
Ğoğeliani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
vətəndaş bərabərliyi və inteqrasiya ilə bağlı dövlət strategiyası
və 2015-2020-ci illərin fəaliyyət planı dövlətin vətəndaş
siyasətinin vacib alətlərindən biridir. Ğoğelianinin sözlərinə görə
2015-2020-ci illərin fəaliyyət planının dörd əsas məqsədi var
idi.
“Bu məqsədlər etnik azlıqların mülki və siyasi həyata
daha çox qoşulması, keyfiyyətli təhsilin əlçatanlılığının təmin
olunması, eləcə də dövlət dilinin öyrənilməsinin
təkmilləşdirilməsi, bərabər sosial-iqtisadi şəraitin və imkanların
həyata keçirilməsi və etnik azlıqların mədəniyyətinə dəstək və
populyarlaşdırılması idi. Bütün bu strateji məqsədlər çərçivəsində
bir çox vacib proqram, layihə və tədbir keçirilib. Biz müsbət
nəticələr də əldə etdik”, – Tina Ğoğeliani
bildirdi.
Vətəndaş bərabərliyi departamentinin rəhbərinin sözlərinə görə,
yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün Kvemo Kartli və
Kaxeti regionlarının bölgə rəhbərliyində məsləhətləşmə şuraları
yaradılıb və etnik azlıq nümayəndələrinin siyasi həyatda iştirakını
artıracaq. Onun sözlərinə görə, etnik azlıq nümayəndəsi olan
tələbələr üçün dövlət orqanları və yerli özünüidarədə təcrübə
proqramı qəbul etmək vacib idi. Proqram 2017-ci ildən bu günə qədər
300 nəfərdən artıq tələbəni qəbul edib.
Tina Ğoğolianinin sözlərinə görə, 2015-2020-ci illərin fəaliyyət
planına əsasən təhsil istiqaməti də qismən təkmilləşdirilib, ancaq
gələcəkdə bu istiqamətdə daha çox fəaliyyətin həyata keçirilməsi
planlaşdırılıb.
“Təhsil istiqamətində daha çox iş görülməlidir ki, etnik azlıq
nümayəndələrinə keyfiyyətli təhsil təklif edilsin. Təhsil Nazirliyi
tərəfindən bu sahəyə gələn illərdə daha çox diqqət ayrılacaq”,
– Tina Ğoğoliani bildirdi.
Ğoğoliani “Marneuli” radiosu ilə söhbəti zamanı Marneulidə son
aylarda əsasən Nəriman Nərimanovun abidəsi ətrafında cərəyan edən
hadisələrlə bağlı da danışdı və bildirdi ki, ictimaiyyətdə səs-küyə
səbəb olan bütün mübahisəli məsələlərlə bağlı ictimai müzakirə
aparılmalıdır ki, vətəndaşlar qərarı konsensus əsasında qəbul
etsinlər.