Marneuli mərkəzi stadionunu inşa edən şirkətin direktoru “Gürcü Arzusu”-nun ianəçisidir
Marneuli mərkəzi stadionunun tikintisi üçün elan edilmiş tenderdə qalib gəlmiş şirkətin direktoru Qiorqi Qabunia “Gürcü Arzusu”-nun ianəçisidir.

“Construction Service” MMC-nin 55%-lik səhmlərinin sahibi olan Qiorqi Qabunia 2016-cı ildə “Gürcü Arzusu”-na 59 000 lari ianə köçürüb.

Marneuli mərkəzi stadionunun tikintisi üçün elan edilmiş tenderdə isə yalnız “Construction Service” MMC iştirak edib. Şirkətlə 168 865 lari dəyərində məbləğ üçün 25 sentyabr tarixində müqavilə bağlanıb.

Tenderə əsasən qalib şirkət işləri müqavilə bağladıqdan bir il ərzində həyata keçirməlidir.

Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu Marneulidə, Rustaveli küçəsində yerləşən mərkəzi stadionun sökülməsi və onun yerində yeni futbol stadiounun tikilməsi üçün 6 911 722 lari dəyərində tenderi 9 iyun tarixində elan edib.

Tenderin sənədlərinə əsasən Marneuli stadionu 1500 nəfər üçün nəzərdə tutulacaq, yüksək keyfiyyətli süni ot örtüyü ilə örtüləcək, müasir tipli diod tablo quraşdırılacaq, park etmə zonası, 2 mərtəbəli bina olacaq, binada 4 ayaqyolu, 6 hamam və 30 nəfər üçün nəzərdə tutulmuş mətbuat konfransı zalı tikiləcək. Ümumilikdə FİFA-nın ikinci kateqoriyalı idman meydanının tələblərini qane edəcək.

Bələdiyyə Marneuli stadionun smeta sənədlərini hələ 2016-cı ildə tərtib edib və bunun üçün 150 000 lari xərcləyib. Amma qeyd olunan sənədin yenilənməsinə ehtiyac var idi, belə ki, 2017-ci ildən Gürcüstan hökuməti tərəfindən tərtib edilmiş “bina-tikililərin təhlükəsizlik qaydalarının” yeni texniki reqlamenti qüvvəyə minib.
2019-cu ilin 28 fevral tarixində Marneuli bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze “Marneuli” radiosuna bildirmişdi ki, həmin mərhələdə stadionun smeta sənədinin hökumətin sərəncamına uyğunlaşdırılması işləri aparılırdı və buna görə qeyd olunan sənəddə düzəlişə ehtiyac var idi.

Stadionun smeta sənədlərinin düzəldilməsindən sonra Marneuli meriyası onu Gürcüstan Bələdiyyələrin İnkişafı Fonduna göndərib və nəticədə tender elan olunub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google