Marneuli kollecində gürcü dilinin tədrisi 1+4 proqramından daha keyfiyyətli olacaq – Təhsil nazirinin müavini

Bu gün, 10 iyun tarixində, Marneulidə "Modus" kollecinin açılışı ilə əlaqədar tərəfdaş təşkilatlar və biznes nümayəndələri ilə görüş keçirilib.



“Modus” kollecinin direktoru Pavle Tvaliaşvili "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə kollec bu il fəaliyyətə başlayacaq. Qəbul yayda elan olunacaq. Ancaq ilk tələbələr payızda qəbul ediləcək.

"Kollec peşə proqramları həyata keçirən təhsil müəssisəsidir. Biz bu gün peşəkar kadra ehtiyacı olan yerli işəgötürənlərlə, biznesmenlərlə görüşürük. Görüşün məqsədi yerli və beynəlxalq ictimaiyyətə kollecin peşə proqramlarını həyata keçirmək üçün hazır olduğunu göstərməkdir. Tərəfdaş olaraq biznes və dövlət strukturlarını, beynəlxalq təşkilatları dəvət etmişik", – Pavle Tvaliaşvili bildirdi.

“Modus” kollecinin Marneulidə həyata keçirəcəyi proqramlar işlə təmin edilməyə istiqamətlənəcək.

Kollecin Marneuli meneceri Nino Mtvarelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, oktyabrdan kənd təsərrüfatı istiqamətində peşə proqramları həyata keçiriləcək.

"Bu proqramlar meyvəçilik, tərəvəzçiliyi əhatə edir. Eləcə də təhsil almaq istəyənlər bizim bazada elektrik, regional turizm bələdçisi, mühasib, informasiya texnologiyaları, dayəlik kimi əmək bazarında tələb olunan peşələrə də yiyələnə bilərlər. Bu proqramların hamısı dövlət tərəfindən maliyyələşdirilir", – Nino Mtvarelidze bildirdi.

Görüşdə Təhsil və Elm nazirinin müavini Tamar Kidiaşvili də iştirak edirdi. O, bildirdi ki, Marneuli bələdiyyəsi Gürcüstanda iqtisadi artım dinamikası ilə fərqlənir və buna görə, bələdiyyədə peşə təhsili almaq imkanının yaradılması çox mühüm idi. Onun açıqlamasına görə, kollecdə böyüklər və gənclər təhsil ala biləcək ki, iqtisadiyyat müasir standartlarla hazırlanmış kadrları daha tez qəbul etsin.

“Biz artıq kollecin açılışı üçün hazırlaşırıq. Sentyabrdan artıq kollec açılacaq və ilk tələbələri qəbul edəcək. Eləcə də böyükləri hazırlıq proqramında gözləyirik. Bu gün çox vacib görüş baş tutdu. Görüşdə işəgötürənlər, eləcə də yerli özünüidarə nümayəndələri iştirak edirdi. Bələdiyyənin ehtiyacları ilə əlaqədar, nəyə daha çox diqqət yetirməli olduğumuzla bağlı müzakirələr aparıldı. Regional ehtiyacların qarşılanması üçün nazirlik tərəfindən tam dəstək elan edildi”
, – Tamar Kidiaşvili bildirdi.

Kollecdə tədris prosesi gürcü dilində aparılacaq. “Marneuli” radiosunun qeyri-gürcüdilli əhalinin peşə təhsili alana qədər gürcü dilində hazırlıq kursları keçmək imkanı olub-olmayacağı ilə bağlı sualına cavab olaraq nazir müavini bildirdi ki, kollecdə qeyri-gürcüdilli əhalinin hazırlanacağı proqram 1+4 proqramından daha keyfiyyətli olacaq.

“Burada daha sürətli gürcü dili proqramları təklif olunacaq. Bizim tətbiq edəcəyimiz bu proqram və bu yanaşma ali təhsildə 1+4 proqramından daha keyfiyyətli olacaq. Gürcü dili proqramı qarışıq prinsiplə, keyfiyyətli, distant və canlı olacaq. Əvvəldən axıra kimi iştirakçılar üçün nəzərdə tutulacaq və müvafiq olaraq gənclərə, eləcə də böyüklərə gürcü dilini öyrənmək imkanı yaradacaq. Bundan sonra onlar bir il ərzində müxtəlif peşə proqramlarına qoşula biləcəklər”,
– Tamar Kidiaşvili qeyd etdi.

Kollecdə təhsil almaq istəyən şəxslər 5 iyul tarixindən ərizələrini təqdim edib qeydiyyatdan keçə biləcəklər.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google