Həmrəylik Muzeyi Dmanisi Bələdiyyəsində yerləşən qədim məscidlərin tarixini araşdırır
Həmrəylik Muzeyi Dmanisi Bələdiyyəsində yerləşən qədim məscidlərin tarixini araşdırır.

“Marneuli” radiosu ilə söhbəti zamanı Elnur Əliyev Dmanisidə yerləşən “Bürclü Məscid” və “Minarəli Məscidin” tarixini araşdırdıqlarını bildirdi. Əliyevin sözlərinə görə, məscid Dmanisi Arxeoloji Muzeyinin ərazisində, ilk Avropalı insanlar olan Zezva və Mzianın sümüklərinin tapıldığı yerdən təxminən 30 metr məsafədə yerləşir.

O, “Bürclü Məscidin” tarixi ilə bağlı 30-cu illərdə araşdırmaların başladığını və məscidin yaranma tarixi ilə bağlı fikir ayrılığının mövcud olduğunu qeyd etdi.

“Araşdırmalarımız zamanı Avropanın ilk insan məskəni olan Dmanisi ərazisində Gürcüstanda tikili olaraq mövcudluğunu saxlamış iki ən qədim məscidi aşkar etdik. Onlardan biri "Bürclü Məscid", digəri isə "Minarəli Məscid" adı ilə tanınır. Hər iki məscid Dmanisi qalası ərazisində yerləşir. “Bürclü məscid”-in tarixi haqqında iki mülahizə mövcuddur. Birinci rəy məscidin 11-ci əsrə, daha müasir olan ikinci rəy isə məscidin 13-cü əsrə aid olduğunu bildirir. Dmanisidə Tiflis Müsəlman Əmirliyinə bağlı olan satellit müsəlman əmirliyi olduğu üçün məscidin tarixinin daha qədimə dayanması ehtimalı da vardır. Məscid Dmanisi Arxeoloji Muzeyinin ərazisində, ilk Avropalı insanların – Zezva və Mzianın sümüklərinin tapıldığı yerdən təxminən 30 metr məsafədədir. 11-ci əsr Səlcuqlu dönəmi olduğu üçün məscidin Səlcuq türkləri tərəfindən tikildiyini fərz edə bilərik.”

“Minarəli Məscid” haqqında da danışan Əliyev bildirdi ki, bu məscid Dmanisidə qala ərazisindəki meşəlikdə yerləşir. Məscidin yaxınlığında isə mədrəsə binası var.

“İkinci məscid isə gürcü elmi ədəbiyyatında "Minarəli Məscid" adı ilə tanınır. Gürcü alimlərin rəyinə əsasən məscid 12-13-cü əsrlərdə tikilmişdir.”

Onun sözlərinə görə, kiçik bir ərazidə iki məscidin yerləşməsi qala ərazisinin böyük olmasını və əhalinin sıx şəkildə məskunlaşdığını göstərir.

“Hal-hazırda məscidlərin sadəcə divarları, mehrabları qalmışdır. "Bürclü Məscid" muzey ərazisində olmasına baxmayaraq, onu ziyarət etmək üçün cığırı yoxdur. "Minarəli Məscid" isə meşə ərazisində itmişdir, gələn turistlərin onu ziyarət etməsi qeyri-mümkündür.”



“Həmrəylik Muzeyi” 2017-ci ildə qeydiyyatdan keçib. Muzeyin yaranmasının əsas məqsədi Gürcüstanın etnik/dini azlıqlarının təşkilatlandırılması, onların hüquqi vəziyyətinin yaxşılaşdırılmasıdır ki, onlar öz mədəni irslərini qoruyub saxlaya bilsinlər. Muzeyin üzvləri bir neçə ildir ki, Kvemo Kartlidəki daşınmaz mədəni irs abidələrinin monitorinqi ilə məşğul olurlar. Onları axtarıb tapır, araşdırır, dövlətin müvafiq qurumları tərəfindən qeydə alınıb qorunmasını təmin edirlər.

“Bizim əsas motivasiyamız dövlətin etnik və dini azlıqlara məxsus mədəni irsini ölkənin mədəni irsi kimi qəbul etməsi, bu minvalla da vətəndaş cəmiyyətinə və ya mülki kimliyə dayanan milliyyətçilik ideyasını təbliğ etməsini təmin etməkdir.”

Elnur Əliyevin bildirdi ki, hal-hazırda onlar Abidələrin Mühafizəsi üzrə Milli Agentliklə məscidlərə ayrıca daşınmaz mədəni irs abidəsi statusu verilməsi istiqamətində işlərini davam etdirirlər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google