Gürcüstan Seçki Məcəlləsinə yerli özünüidarə seçkilərində gender
kvotası sistemində dəyişikliklər edilməsi planlaşdırılır. Bu gün,
24 iyun tarixində, Gürcüstan Parlamenti plenar iclasda, ikinci
dinləmədə dəyişikliklər paketini müzakirə edəcək.
Dəyişikliklərə görə, yaxınlaşan yerli özünüidarə seçkilərində
proporsional siyahılarada hər üçüncü şəxs fərqli cinsin nümayəndəsi
olmalıdır. İndiyə kimi seçki məcəlləsinə görə, 2028-ci ilə qədər
keçiriləcək yerli özünüidarə seçkilərində proporsional siyahılarda
hər ikinci namizəd fərqli cinsin nümayəndəsi olmalı idi.
Marneulidə fəaliyyət göstərən siyasi partiyaların bir qismi 2021-ci
ilin yerli özünüidarə seçkiləri ilə bağlı artıq işləməyə başlayıb.
Ancaq seçki məcəlləsində aparılan dəyişiklikləri də
gözləyirlər.
“Artıq işləməyə başlamışıq, ancaq biz hələ qanun dəyişikliyini
gözləyirik. Maraqlıdır hansı icmalar, hansı kəndlər bir majoritar
dairədə birləşəcək və buradan irəli gələrək, biz artıq hansı icmada
kimin namizəd olacağını biləcəyik. “Gürcü Arzusu”-na heç bir
məsələdə etimad etmirik. Onlar əvvəldən dedilər ki, partiya
siyahısımda hər ikinci şəxs qadın nümayəndə olmalıdır, ancaq bu gün
komitələrdə artıq görürük ki, başqa fikir irəli yürüdülür.
Hər üçüncü şəxsin qadın nümayəndə olmasından söhbət gedir. Buradan
irəli gələrək biz də gözləyirik ki, baxaq proporsional siyahımızı
necə tərtib edəcəyik”, – “Avropalı Gürcüstan”-ın
Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev bildirdi.
İmamquliyevin bildirdiyinə görə, o, ümumiyyətlə, kvota
qanunlayihəsi ilə razılaşmır. Çünki hesab edir ki, vətəndaşları
siyasi prosesə süni şəkildə qoşmaq olmaz. O, qeyd edir ki, əgər
qadının siyasi fəaliyyətə qoşulma istəyi varsa, o zaman ona imkan
yaradılmalıdır. Ancaq partiyaların qadın namizədləri güclə,
siyahıya yazmaq məqsədi ilə təqdim etməsi məcburi deyil.
İmamquliyevin sözlərinə görə, o, artıq fəal qadınlar axtarır ki,
“Avropalı Gürcüstan”ın adından seçkilərdə iştirak etməsini təklif
etsin. Ancaq eyni zamanda qeyd edir ki, Marneulidə kişi, yaxud
qadın fəal və siyasi baxımdan motivasiyalı namizədlərin tapılması
çətindir.
“Avropalı Gürcüstan” kimi “Vahid Milli Hərəkat” da yerli özünüidarə
seçkilərinə hazırlaşmağa başlayıb. VMH-ın Marneuli rayon
təşkilatının sədri Aqil Mustafayev “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, partiya siyahısı yalnız kvota qanununa riayət
etmək üçün tərtib olunmayacaq və siyahıya fəal dəyişikliklər üçün
mübarizə aparacaq qadınlar daxil ediləcək.
“Bu baxımdan biz artıq uzun zamandır işləyirik. Məsləhətləşəmələr
apardığımız qadınlar var. Həmin adamlar yaxın gələcəkdə
ictimaiyyətə təqdim olunacaq. Kvotanın bir müsbət tərəfi var ki,
daha çox qadın siyasətlə maraqlanacaq. Siyasi partiyalar da
siyahılara qadınları daxil etməyə məcbur olacaq. Ancaq biz bunu
yalnız kvota üçün etmirik. “Gürcü Arzusu” etdiyini şəxsi maraqları
üçün edir. Yəqin rayonlarda çox sayda fəal qadınları yoxdur və
onları tapmaqda çətinlik çəkirlər. Məhz buna görə qanunda
dəyişiklik etməyə qərar veriblər”, – Aqil Mustafayev
bildirdi.
“Marneuli” radiosu Marneuli Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze ilə danışmağa cəhd etdi ki, “Gürcü Arzusu”nun Marneulidə
yerli özünüidarə seçkiləri ilə bağlı fəaliyyətə
başlayıb-başlamadığını və seçki məcəlləsində ediləcək
dəyişikliklərlə bağlı nə düşündüyünü aydınlaşdırsın. Ancaq
Qiorqadze bizim zənglərimizə cavab vermir.
Qeyd etmək lazımdır ki, kvota sistemində dəyişikliklərin edilməsi
ilə bağlı məlumat 22 iyun tarixində, Parlamentin Hüquqi Məsələlər
Komitəsinin iclasında verilib.