Bu gün, 28 iyun tarixində Araflı, Axlımahmudlu, Yenikənd və
Seyidqocalı kəndlərinin əhalisinin bir qismi Marneuli meriyası
qarşısına toplaşıb. Onlar suvarma suyu probleminin həllini tələb
edirlər.
Əhali “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 15 gündən
artıqdır, kəndlərdə suvarma suyu yoxdur və buna görə də kənd
təsərrüfatı məhsulları xarab olur.
“Bizim müqaviləmiz də var ki, bizə su verilməlidir.
Artıq ikinci həftədir ki, suvarma suyu tələb edirik. Deyirlər bu
gün olacaq, sabah olacaq, ancaq su hələ də gəlmir. Deyirlər ki,
mərkəzi kanalda su yoxdur”, – İlqar Şamilov
bildirdi.
“Bağçaları suvarmaq istəyirik. Borcumuz var, bu işə çox
pul xərcləmişik. Hər bir şey əkib-becəririk. Bizim məhsul
susuzluqdan xarab olsa, sonra borcumuzu kim ödəyəcək. Bizim kəndə
gedən kanalı bağladılar, başqa kəndlərə su verirlər, bizə isə yox.
Deyirlər ki, olacaq, ancaq nə zaman olacaq? 10-15 gündən sonra
artıq bütün məhsul yanacaq”, – Zülfüqar Fərəcov
dedi.
Meriya qarşısına toplaşmış əhalinin bir qismi Marneuli merinin
səlahiyyətlərinin icraçısı Zaur Tabatadze və Gürcüstan Meliorasiya
Xram-Debet Xidmət Mərkəzinin rəhbəri Aleksandre Şukakidze ilə
görüşüb. Görüş bir saata qədər davam edib. Görüşdən çıxmış aksiya
iştirakçıları “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki,
meriya və meliorasiyadan, sabah, 29 iyun tarixində kəndə suvarma
suyu veriləcəyi ilə bağlı vəd veriblər. Ancaq su üç gün müddətinə
veriləcək.
Gürcüstan Meliorasiya Xram-Debet Xidmət Mərkəzinin rəhbəri
Aleksandr Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, suvarma suyu problemi Debet çayında suyun səviyyəsinin
azalmasına görə yaranıb.
“Debet çayında suyun səviyyəsi aşağı düşüb. Bu deməkdir
ki, Ermənistandan gələn Debet çayı artıq, bir-iki həftə əvvəl
gəldiyi səviyyədə gəlmir. Ermənistan Respublikasında əhali nasos
stansiyalarını qurmağa başlayıb və bu bizdə suyun azalmasına səbəb
olur. Gün ərzində ümumiyyətlə su kəsilir, çox az səviyyədə gəlir və
axşam saat 5-6-dan artıq onlar nasos stansiyasını söndürürlər.
Nəticədə gecə bizə su gəlir”, — Aleksandre Şukakidze
bildirdi.
Şukakidzenin sözlərinə görə, Debet çayından asılı olan bütün
kəndlərdə problem yaranıb. Buna görə Gürcüstan Meliorasiyası
suvarma suyunu qrafiklə vermək qərarına gəlib.
“Debet çayından asılı olan kəndlər çoxdur. 10-15 ərazi
vahidliyinin kəndləri Debet çayından asılıdır. Hər yerdə
tənzimləmələr qrafikə əsasən aparılır, çünki suyun səviyyəsi çox
aşağıdır.”
Suvarma suyu iki gün ərzində Ağməmmədli-Qasımlı istiqamətində
buraxılacaq. Növbəti iki gün Araflı-Aşağı Sarala veriləcək.