Marneuli Fiziki İmkanları Məhdud Şəxslər Şurası dörd benefisiarın ərizəsini müzakirə edəcək
Marneulidə fiziki imkanları məhdud şəxslərin məsələləri üzrə işləyən şura dörd şəxsin ərizəsini müzakirə edəcək. Həmin şəxslər yaşayış evlərinin adaptasiyasını tələb edirlər.

Marneulidə Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası 30 iyun tarixində baş tutub. Meriya tərəfindən yayımlanmış məlumata əsasən, Marneuli bələdiyyəsində fiziki imkanları məhdud şəxslərin məsələləri üzrə işləyən şuranın təqvim ilinin ikinci iclası keçirilib.

Marneuli merinin yeni müavini Roin Dekanoidze fiziki imkanları məhdud şəxslərin iclasında ilk dəfə iştirak edirdi. Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ilk iclasda şuranın fəaliyyəti və üzvlük funksiyası ilə tanış olub.

“Konkret ərizələri müzakirə etdik. Şura üzvlərinə tapşırıq verdim ki, benefisiarların hansı yardıma ehtiyac duyduqlarını gedib yerindəcə öyrənsinlər. Büdcədə müəyyən qədər pul nəzərdə tutulub və həmin məbləğ çərçivəsində onlara yardım edəcəyik. Bəzisi yaşayış evində otaq qurmaq, bəzisi pandus düzəltdirmək istəyir. İkinci mərtəbədə yaşayan benefisiarlarımız var və aşağı enmək üçün pandusa ehtiyacları var. Ərizələri yerindəcə araşdırdıqdan sonra nəyə ehtiyacları varsa, yardım edəcəyik”, – Roin Dekanoidze bildirdi.

Marneuli merinin müavininin sözlərinə görə, “bələdçi institutu”-nun yaradılması ilə bağlı iş prosesi davam edir. O, bildirdi ki, Marneuli bələdiyyəsində neçə nəfər görmə qüsurlu şəxsin və xidmətin tam fəaliyyət göstərməsi üçün neçə nəfərə ehtiyac olduğunu aydınlaşdırmaq üçün araşdırma aparılır. Bələdçi xidməti vasitəsilə bələdiyyədə yaşayan görmə qüsurlular bələdçinin yardımı ilə müxtəlif dövlət, yaxud özəl qurumlara gedə, onlara lazım olan xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, Marneuli Fiziki İmkanları Məhdud Şəxslər Şurasının sədri Marneuli merinin keçmiş müavini Laşa Lobcanidze idi. Lobcanidzeni bu vəzifədə Roin Dekanoidze əvəz etdi və fiziki imkanları məhdud şəxslər şurasının sədri oldu.
Print ელ. ფოსტა
FaceBook Twitter Google