“Avropalı Gürcüstan” partiyasının Marneuli Rayon Təşkilatının
rəhbəri Əhməd İmamquliyev bu gün, 5 iyul tarixində homofobiya və
zorakı qruplar tərəfindən Tbilisidə jurnalistlərə qarşı həyata
keçirilmiş zorakılıq faktlarına münasibət bildirib.
İmamquliyevin sözlərinə görə, Gürcüstanın Baş naziri bu gün etdiyi
çıxışla zorakı qruplara “yaşıl işıq” yandırıb və zorakılığa icazə
verib.
“Fərqli fikirdə olan adamlar xoşumuza gəlir, biz bir-birimizə qarşı
hörmətlə yanaşmaq məcburiyyətindəyik. Ancaq təəssüf ki, Gürcüstan
hakimiyyəti və hökumətin rəhbəri, Baş nazir Qaribaşvili bu zorakı
qrupların insanlara qarşı zorakılıq göstərmələrinə “yaşıl işıq”
yandırdı. Həmin zorakı qrupların başında Gürcüstandakı pro-rus
qüvvələrinin nümayəndəsi olan şəxslər dayanır.
İmamquliyevin sözlərinə görə, zorakı və pro-rus qrupları tərəfindən
jurnalistlərə hücum edilməsi qəbuledilməzdir. O, bildirib ki, həmin
qruplar tərəfindən açılmış çadırların dağıdılması da
qəbuledilməzdir. Bu heç bir şəkildə “Tbilisi Prayd”-ın təşkil
etdiyi “ləyaqət marşı” ilə əlaqədar deyil.
“Baş nazir zorakılara şərait aradır. Bu gün
hakimiyyətin bütün vətəndaşların hüququnu, asayişi qorumaq üçün
ciddi rolu olmalıdır. Ancaq bugünkü hakimiyyət bunu etmir. Çünki
oktyabrda seçkilərə hazırlaşır və bu gün kilsə ilə birlikdə seçki
kampaniyası aparır. Kilsə əhali arasında səs toplamağa çalışır və
məhz buna görə, Baş nazir belə bəyanat verib”
İmamquliyev “Marneuli” radiosunun Tbilisidə “ləyaqət marşını”
dəstəkləyib-dəstələməməsi ilə bağlı sualına cavab olaraq qeyd edir
ki, hamının öz fikrini ifadə etmək və azadlıq hüququ olmalıdır.
Azadlıq və digər hüquqları heç kim məhdudlaşdırmamalıdır.
Gürcüstanın Baş nazri İrakli Qaribaşvili bu gün bəyanat verib ki,
“Tbilisi Prayd”-ın “ləyaqət marşının” arxasında Saakaşvilinin
rəhbərliyi ilə müxalifət durur. Qaribaşvilinin sözlərinə görə,
Gürcüstanda LGBT+ adamların hüququ pozulmur və “ləyaqət marşı” özü
diskriminasiya tədbiridir. Çünki cinsi azlıqların fərqliliyinə çox
diqqət yönəldilir.
Bu gün, 5 iyul tarixində səhər saatlarından Tbilisidə homofobiya və
zorakılıq qruplarının nümayəndələri müxtəlif media vasitələrinin
jurnalistlərinə, operatorlara hücum edib və onları döyüblər.
Jurnalistlərə qarşı zorakılıq faktı ilə bağlı DİN bəyanat
yayımlayıb.
“Daxili İşlər Nazirliyi baş vermiş faktla bağlı Cinayət
Məcəlləsinin 154-cü maddəsi (jurnalsitlərə peşə fəaliyyətində mane
olmaq) və 126-cı (zorakılıq) maddələri ilə istintaq aparır.
İctmaiyyətə məlumdur ki, bu gün, Tbilisidə, Rustaveli prospektində
keçirilən aksiyadan əlavə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə,
müvafiq qruplar tərəfindən bir neçə genişmiqyaslı
toplantı-manifestasiya elan edilib. Həmçinin, “Tbilisi Prayd”-ın
həftəliyi çərçivəsində yekun tədbirləri keçirilməsi planlaşdırılır.
Yüksək ictimai maraqdan irəli gələrək bildiririk ki, “Tbilisi
prayd”-ın yekun tədbirinin keçirilməsi tədbirə qoşulmuş şəxslərin
təhlükəsizliyi üçün risklidir”, – DİN bildirib.