Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriyanın balansında
olan avtomobillərin təmiri və texniki xidməti üçün 25 000 lari
xərcləməyi planlaşdırır.
Marneuli meriyası 6 iyul tarixində tender elan edib. Tenderə görə,
qalib gələn şirkət 2021-ci ilin sonuna qədər meriyanın balansındakı
11 avtomobili təmir etməlidir.
“Avtomobillərin təmir xidməti mərhələli şəkildə, tələbə uyğun
olaraq müqavilə bağlandıqdan xidmət başa çatana, 2021-ci ilin 31
dekabr tarixinə qədər, istirahət günlərini nəzərə almaqla həyata
keçirilməlidir” – meriyanın elan etdiyi tenderdə qeyd
olunub.
Tender təklifinə görə, iştirak etməyə qərar verəcək şirkətin
Marneulidə ən az bir xidmət mərkəzi olmalıdır.