Mən namizəd olmağa və “Gürcü Arzusu” ilə mübarizə etməyə hazıram – Aqil Mustafayev
Oktyabr ayında keçirilməsi nəzərdə tutulan Yerli özünüidarə seçkiləri zamanı “Vahid Milli Hərəkat” partiyasından Marneuli merliyinə kimin namizəd olacağı ilə bağlı müzakirələr aparılır.

Seçkilərdə merliyə Parlamentin sabiq deputatı, VMH-ın üzvü Azər Süleymanovun və “Vahid Milli Hərəkatın” Marneuli rayon Təşkilatının sədri Aqil Mustafayevin namizəd olacağı ilə bağlı ehtimallar var. “Marneuli” radiosu ilə söhbəti zamanı Aqil Mustafayev seçkilərdə mer olaraq namizəd olub-olmaması fikirlərinə aydınlıq gətirdi.

Onun sözlərinə görə, hazırda “Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisində namizədlə bağlı danışıqlar aparılır.

“Hazırda biz mərkəz və yerli səviyyədə təşkilatın nümayəndələri ilə bu barədə müzakirələr aparırıq. Bizim üçün ilk növbədə yerli nümayəndələrimiz, yerli fəallarımız və partiyanın üzvlərinin fikirləri vacibdir. Eyni zamanda paralel olaraq mərkəzi ofisimizin verəcəyi qərar çox vacibdir. Yaxın zamanlarda bununla bağlı dəqiq qərar qəbul olunacaq. Bu gün bu məsələ ilə bağlı “hə” ya “yox” cavabını verməyə çəkinirəm. Hələ ki, müəyyən məsələlər təsdiq olunmayıb. Müzakirələr gedir və nəticə yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq."

Mustafayev istənilən halda seçkilərdə namizəd olaraq iştirak etməyə və “Gürcü Arzusu” partiyasına qarşı mübarizə aparmağa hazır olduğunu bildirdi.

“Bizdə seçimlər çoxdur əlbəttə. Mən “Gürcü Arzusundan” istənilən şəxslə qələbə çalmağa hazırıq. Əgər komandamız istəsə, niyə də yox?! Mən namizəd olmağa, “Gürcü Arzusu” ilə mübarizə etməyə hazıram.”

Gürcüstanda Yerli özünüidarə seçkilərinin 2 oktyabr tarixində keçiriləcəyi ehtimal olunur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google