Etnik azlıqların başa düşdüyü dildə xidmət – Marneuli meri vəzifəsinə namizədlərin baxışı
“Salam” platforması siyasi partiyaları seçkiqabağı proqram və platformalarına Marneuli özünüidarə xidmətlərinin tərcüməsi, administrasiyada azlıqların dilində məktubların qəbulu və verilməsi barədə vəd nəzərdə tutmağa çağırır.


“Salam”-ın “Marneulidə Gürcüstan Azərbaycanlı icmasının ehtiyacları və problemləri” barədə araşdırmada qeyd etdiyinə görə, əhali əksər hallarda problemlərinin həlli üçün özünüidarə orqanlarına müraciət etmir. Müraciət etsələr də, heç bir nəticə, yaxud cavab ala bilmirlər.

“Əhali və özünüidarə arasında olan gözəgörünməz sədd hissinə səbəb olaraq dil baryeri, əhalidə mövcud olan qorxu və azlıqlara qarşı olan mənfi münasibətlər qeyd olunur. Fokus-qruplar zamanı müəyyən olunub ki, yerli əhali yerli məmurların fəaliyyətindən narazıdır. Əhali başa düşür ki, yerli özünüidarədə işlə təmin edilmiş adamların ilkin rolu və öhdəliyi əhalini dəstəkləmək, onlara xidmət göstərməkdir. Ancaq, onu da bilirlər ki, özünüidarə bunu tam yerinə yetirə bilməyəcək. Bunun üçün öz fəaliyyətlərini əhalinin başa düşdüyü dildə həyata keçirməlidirlər. Onların fikrinə görə, dövlət məmurları, yerlərində olan zaman, başqa işləri olmadıqda belə, vətəndaşların qəbulunu əksər hallarda rədd edirlər”, – “Salam”-ın hesabatında yazılıb.

“Marneuli” radiosu Marneuli meri vəzifəsinə namizədlərdən mer olduqları halda bələdiyyədə Marneuli sakini olan etnik azlıq nümayəndələrinin başa düşdüyü dildə xidmət göstərilməsinə kömək edəcək xidmətin yaradılmasını planlaşdırıb-planlaşdırmadıqlarını öyrənməyə çalışdı. Marneulidə bu il mer vəzifəsinə ümumilikdə üç namizəd var.
“Gürcü Arzusu”-ndan Kənan Ömərov, “Avropalı Gürcüstan”-dan Əhməd İmamquliyev və “Vahid Milli Hərəkat”-dan Eldar Mustafayev bu vəzifə uğrunda mübarizə aparacaqlar.

“Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat”-ın mer vəzifəsinə namizədləri düşünürlər ki, bələdiyyədə xidmət yaradılmalıdır. Həmin xidmətin köməyi ilə etnik azlıqlar başa düşdüyü dildə məlumat alacaqlar. “Gürcü Arzusu”-nun mer vəzifəsinə namizədi isə “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Əhməd İmamqliyevin sözlərinə görə, hələ 2017-ci ilin yerli özünüidarə seçkilərində o, Marneuli meri vəzifəsi uğrunda mübarizə aparan zaman təşəbbüs irəli sürmüş və vəd vermişdi ki, bələdiyyədə etnik Azərbaycanlılar, ermənilər üçün onların başa düşdüyü dildə məlumat ala biləcəyi məkan yaradılacaq.

“Onların başa düşdükləri dildə ərizə vermək imkanı olacaq. Bunu həmin məkanda işləyən adamlar edəcək və sonra ona dövlət dilində cavab veriləndə cavablar vətəndaşların başa düşdüyü dilə tərcümə olunacaq. Həmin cavabları da məhz həmin məkanda işləyənlər tərcümə edəcəklər.”


İmamquliyev hesab edir ki, bu mexanizmin qüvvəyə minməsi ilə bələdiyyədə yaşayan vətəndaşların yerli özünüidarə ilə münasibəti asanlaşacaq.

İmamquliyev kimi, “Milli Hərəkatın” mer vəzifəsinə namizədi Eldar Mustafayev də qalib gəldiyi halda seçicilərə bələdiyyədə yeni xidmət yaradılacağını vəd edir.

“Qalib gəldiyimiz halda biz hər bir vətəndaşı nəzərə alacağıq və dövlət xidmətində maksimum dərəcədə onların istədiyi xidmətlər yaradılacaq. Dövlət xidməti öz fəaliyyətini Gürcüstan Ümumi İnzibati Məcəlləsinə əsasən həyata keçirir. Qeyd olunan məcəllənin 14-cü maddəsinə əsasən inzibati fəaliyyət dili gürcü dilidir və biz, əlbəttə, qanunvericiliyə tabeyik. Buna görə, məqsədəuyğun hesab edirəm ki, Marneuli bələdiyyəsində “Məsləhət və Xidmət” şöbəsi yaradılsın. Həmin şöbənin vasitəsi ilə vətəndaşlara hüquqi, yaxud başqa məsləhətlərin verilməsi, yardım nəzərdə tutulacaq. Dövlət dilini bilməyən vətəndaşlar üçün ərizələrin yazılması, eləcə də qəbul edilmiş məktubların izah edilməsi həyata keçiriləcək”,
– Mustafayev bildirdi.

Mustafayev “Marneuli” radiosuna yazılı şəkildə verdiyi şərhdə bildirdi ki, müəyyən hallarda yalnız etnik azlıq nümayəndələrinə deyil, həm də etnik gürcülərə də məsləhət, yardım, hüquqi, yaxud iş prosesində kömək lazım olur. Onun Marneuli sakinlərinə vəd etdiyi xidmət isə məhz bu məsələlərin həllində vətəndaşlara kömək edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google