Qardabanili mülki fəal Xəlil Nuriyev ailə üzvünə qarşı açılan
cinayət işini şəxsi fəaliyyəti ilə əlaqələndirir.
Nuriyevin sözlərinə görə, Qardabani rayonunda “Gürcü Arzusu”
tərəfdarları bir aydan çoxdur ki, onu hədələyərək seçkilər və
referendumla bağlı heç nə yazmamasını tələb edirlər.
Avqustun 8-də, təxminən saat 3 radələrində, Nuriyev və qardaşı
Rustavi Maliyyə Polisi Bölməsinə çağırılıb.
"2000-ci illərdə dövlətin kütləvi özəlləşdirmə zamanı
verdiyi torpaqların sənədlərini göstərərək, bu sənədlərdəki imzanı
soruşdular. Biz birmənalı dedik ki, bu imzalar bizim deyil. Atam da
bizimlə getmişdi, baxdı və dedi ki, “mənim imzamdır. 2017-ci ildə
bu sənədləşdirmə olan zaman, pulsuz qeydiyyat zamanı reyestrin
nümayəndəsinə oğullarımın kənddə olmadıqlarını dedim, dedilər kimsə
imza atmalıdır, bütün kənddə olduğu kimi, hamı atasının, qohumunun,
oğlunun yerinə imza atırdı. Çünki torpağa heç kimin iddiası yoxdur,
qanuni olduğu üçün sadəcə formal bir imzadan gedirdi söhbət. Mən
atmışam imzanı”, – atam dedi və bu dəfə atama qarşı cinayət işi
açdılar və atamı saxta imza atmaqla suçladılar."
Xəlil Nuriyevin sözlərinə görə, Maliyyə Polisi İdarəsində bir neçə
saat keçirdilər, sonra müstəntiqlər torpaq sənədlərinin orijinal
variantlarının təqdim edilməsini istəyiblər. Fəalın sözlərinə görə,
sənədlər evlərində olub və onlar hüquq-mühafizə orqanlarına təqdim
edilib.
"Bizim evimizə gələn polislərə zəng gəldi və onlara
dedilər ki, başqa bir qrup da gəlir. Mən də dedim ki, gəlsinlər,
amma mən də zəng vurub televiziyaları çağıracağam. Bundan sonra
mənə heç yerə zəng etməyə ehtiyac olmadığını dedi, sonra getdilər.
Onlar sənədləri də götürdülər, mən o sənədlərin şəklini də
çəkmişəm. Sonra vəkillə görüşdüm. O, dedi ki, burada heç bir
cinayət yoxdur. Sadəcə sizi qorxutmaq istəyirlər. Bunlar ay
yarımdır, mənə xəbərdarlıq edirlər ki, referendum sözünü
işlətməyim, bilirsiniz ki, mən yazılarımda xalqa yazıram ki,
seçkiyə gəlin, bu bir referendumdur. Məni o, ya bu biri partiyanı
dəstəkləməkdə ittiham etmirlər, sadəcə deyirlər ki, sən xalqı
oyadırsan, seçkiyə çağırırsan", – Xəlil Nuriyev
dedi.
Nuriyev ailəsinə qarşı iş açılsa da, fəaliyyətini
dayandırmayacağını və tənqidi postlar yazmağa davam edəcəyini
bildirib.
Mülki fəal Samirə Bayramova Nuriyevə təzyiq faktının yeni
olmadığını deyir.
“Mülki fəallara həm mənəvi, həm fiziki, həm də maddi
təzyiqlər göstərilir. Təəssüf ki, bu ilk dəfə deyil. Cəmiyyətimizdə
polis bir hüquq-mühafizə orqanı kimi qəbul edilmir, qorxu ilə
əlaqələndirilir. Polis kənddəki kiminsə evinə gedirsə, hamı dərhal
işinin pis olduğunu düşünür və digər insanların aktivləşməməsi və
qorxu içində olması üçün narahat bir mühit yaratmağa
çalışırlar", – Samirə Bayramova dedi.
“Salam” platformasının nümayəndəsi Benyamin Qasımoğlu “Marneuli”
radiosu ilə söhbəti zamanı, mülki fəalın seçki öncəsi təzyiqlərə
məruz qalmasının və cinayət işinin açılmasının ölkənin demokratik
inkişafına mane olduğunu dedi.