Kənan Ömərov "Marneuli" radiosunun suallarını cavablandırmadı və keçmiş merə yönləndirdi
Bu gün, 14 sentyabr tarixində, Marneulidə “Gürcü Arzusu”-nun mer vəzifəsinə namizədi Kənan Ömərov Algetidə əhali ilə seçkiqabağı görüş keçirib. Görüş barədə “Marneuli” radiosuna yerli sakinlərdən biri məlumat verdi.

Əhali ilə keçirilmiş görüşdən sonra “Marneuli” radiosu mer vəzifəsinə namizəddən Algeti sakinlərinə hansı əsas məsələlərin həllini vəd etdiyi ilə bağlı müsahibə almağa cəhd etdi. Ancaq o, bizə müsahibə vermək istəmədi və təklif etdi ki, onun əvəzinə Marneulinin keçmiş meri, indi artıq majoritar deputat olan Zaur Darğallıdan müsahibə alaq.


“Qeyd etmək istəyirəm ki, əhali ilə görüşlərə davam edirik və bütün görüşlərdə əhalinin dəstəyini hiss edirik, bu bizim üçün mühümdür. Demək istəyirəm ki, Algeti ərazi vahidliyində çox mühüm layihə həyata keçirildi, hazırda da aparılır və biz əhali ilə fəal şəkildə ünsiyyət qurmağa davam edirik. Burada əhalini hər yay narahat edən əsas problem suvarma suyu məsələsidir və bizim namizədimiz də bildirir ki, xüsusi ilə suvarma suyu probleminin həllinə diqqət yetiriləcək”,
– Zaur Darğallı bildirdi.

“Marneuli” radiosu Marneuli meri vəzifəsinə namizəd Kənan Ömərovla artıq bir neçə həftədir ünsiyyət qurmağa çalışsa da, o, bizimlə söhbətdən imtina edir. Ömərov “Marneuli” radiosuna yalnız yazılı şəkildə müsahibə verməyə üstünlük verdi və bu halda bizim ona əlavə suallar vermək imkanımız olmur.

Qeyd edək ki, Kənan Ömərov əslən Alegti ərazi vahidliyindəndir.


Kənan Ömərov haqqında:

Kənan Ömərov 1983-cü ilin 26 iyul tarixində Marneuli bələdiyyəsində anadan olub. Marneuli 8 saylı ictimai məktəbini bitirib. 2000-2005-ci illərdə Azərbaycan Respublikasının Polis Akademiyasında təhsil alıb. İxtisasca hüquqşünasdır, ali kvalifikasiyası var. Vətənə qayıtdıqdan sonra, 2006-cı ildə Kutaisi Zurab Jvania adına Dövlət Administrasiya Məktəbində təhsilini davam etdirib.

2006-2011-ci illərdə Marneuli bələdiyyəsinin Təhsil Resurs Mərkəzində, 2011-2012-ci illərdə Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzində hüquqşünas vəzifəsində işləyib. 2013-cü ildə Marneuli Təhsil Resurs Mərkəzinə qayıdıb və 2016-cı ilə qədər müxtəlif vəzifələrdə işləyib. 2016-2021-ci illərdə mərkəzə rəhbərlik edib. Azərbaycan, gürcü, rus və ingilis dillərini bilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google