“VMH” və “Avropalı Gürcüstan”-ın mer vəzifəsinə namizədləri Marneuli sakinlərinə nə vəd edirlər
Yerli özünüidarə seçkilərinə 17 gün qalıb. Marneuli meri vəzifəsi uğrunda üç namizəd – “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, “Gürcü Arzusu” partiyasından Kənan Ömərov, “Milli Hərəkat” partiyasından isə Eldar Mustafayev mübarizə aparacaqlar.


Üç namizəddən yalnız Eldar Mustafayevin indiki mərhələdə seçkiqabağı proqramı var. “Avropalı Gürcüstan”-ın mer vəzifəsinə namizədi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu seçkilər üçün proqram hazırlamayıb. Çünki bu seçkilərin əsas məqsədi “Gürcü Arzusu”-nu məğlub etməkdir. “Gürcü Arzusu”-nun mer vəzifəsinə namizədinin seçkiqabağı proqramı ilə bağlı isə partiyadan vəd verdilər ki, proqramı göndərəcəklər, ancaq nə zaman göndəriləcəyi məlum deyil.

“Əziz Mareulilər, ilk növbədə, istəyirəm qeyri-bərabər mübarizədə bizə dəstək olduğunuz üçün sizə minnətdarlığımı bildirim. Mən öz komandamla birlikdə daim sizin xidmətinizdə olacaq və Marneulinin firavanlığının qeydinə birlikdə qalacağıq. İqtisadiyyat Nazirliyi ilə sizin vasitəçiniz olacağam ki, Marneuli bələdiyyəsində hər bir kəndlinin istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar onların əmlakına keçirilsin; İçməli və suvarma suyu, bütün kəndlərdə və bütün küçələrdə asfalt qatının çəkilməsi, bütün küçələrin işıqlandırılması, təbii qaz problemləri həll olunacaq”, – “Milli Hərəkat”-ın Marneuli meri vəzifəsinə namizədinin proqramında qeyd olunub.

Eldar Mustafayev, həmçinin, Marneuli sakinlərinə vəd verib ki, turizm potensialı inkişaf etdiriləcək, mədəniyyət və idman sahəsində dəstək, evsiz, aztəminatlı ailələrə yaşayış sahələri veriləcək. Mustafayev seçicilərə vəd verir ki, bürokratik xərclər azaldılacaq, yığılmış pul ehtiyaclı ailələrə xərclənəcək, bundan əlavə partiya maraqları başa çatacaq və gənclərin perspektivli gələcəyi olacaq. Onların hər birinə dövlət xidmətlərində işləmək və öz ölkəsinə xidmət göstərmək imkanı veriləcək.

Mustafayev seçkiqabağı proqramında xüsusi ilə qeyd edib ki, yerli özünüidarə seçkiləri referendum günüdür. Həmin gün vətəndaşlar müxalifət və “Gürcü Arzusu” arasında mühüm seçim edəcəklər.

“Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədinin seçkiqabağı vədinə gəldikdə isə, Əhməd İmamquliyevin yayımladığı bukletdə oxuyuruq ki, Marneulilər ona etimad etməklə peşəkar, mübarizə bacarığına malik olan vasitəçi seçmiş olacaqlar.

“Əhməd İmaquliyev – “Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədi məhz həmin liderdir ki, Marneulinin problemlərini bilir və Marneuli əhalisinin etimadına layiqdir. Ona dəstək olmaq Marneulinin tam potensialına sahib olmaq deməkdir. “Avropalı Gürcüstan”-a verilmiş hər bir səs və bizim namizədin qalib gəlməsi vergilərin aşağı olmasına, ədalətə, balanslı hakimiyyətə və azad dünyaya üzvlüyə dəstək olmaqdır”, –
Əhməd İmamquliyevin yayımladığı broşürdə qeyd olunub.

Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçiriləcək. Marneuli miqyasında ümumilikdə 90 seçki məntəqəsi açılacaq. Seçkilərə gedən vətəndaşlara üç bülleten veriləcək və onun vasitəsi ilə Marneuli meri, Bələdiyyə Məclisi deputatı və Bələdiyyə Məclisinə proporsional siyahı ilə daxil olacaq partiyanı seçəcəklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google