Marneulinin dörd seçki məntəqəsində Zaur Darğallının qohumları işlə təmin olunub – seçki monitorinqinin aralıq hesabatı
“Çoxmillətli Gürcüstan” 2021-ci ilin yerli özünüidarə seçkilərinin seçkiqabağı vəziyyətin monitorinqinin aralıq hesabatını yayımlayıb. Hesabata görə, Marneulinin bir neçə seçki məntəqə komissiyasına “Gürcü Arzusu”-nun tərəfdarları və Parlament deputatı Zaur Darğallının yaxın qohumları qəbul olunub.

“Marneulinin #89 məntəqəsində komissiya üzvü olaraq Anar Məmişovu seçiblər. O, “Gürcü Arzusu”-nun fəal tərəfdarıdır; Marneulidə məntəqə üzvləri: Afina Darğallı (#22.04), Gülnara Darğallı (#22.05), Dilarə Darğallı (#22.66) və Samirə Darğallı (#22.67) – “Gürcü Arzusu”-nun Gürcüstan Parlamentində majoritar deputatı Zaur Darğallının yaxın qohumlarıdır”, – “Çoxmillətli Gürcüstan”-ın seçkiqabağı vəziyyətlə bağlı monitorinqinin aralıq hesabatında qeyd olunub.

Təşkilatın məlumatına görə, “Çoxmillətli Gürcüstan”-ın müşahidəçilərinin seçki məntəqə komissiyasının üzvlərinin seçilmə prosesini müşahidə etdiyi məntəqələrdə müxalifət partiyaları tərəfindən təyin edilmiş komissiya üzvləri prosesə etimadlarının olmadığını bildiriblər. Hesabata görə, Marneulidə seçki məntəqə komissiyasının üzvlərinin seçilmə prosesi zamanı Vahid Milli Hərəkat nümayəndələri fərqli fikir qeyd edib.

“Vahid Milli Hərəkat, Lelo, Qirçi, Ağmaşenebeli strategiyası və Avropalı gürcüstan tərəfindən təyin edilmiş üzvlər Marneulidə heç bir namizədi dəstəkləməyib”.

Hesabatda seçki komissiyalarının etnik tərkibindən də söhbət açılıb. Hesabatdan aydın olur ki, Marneuli dairə seçki komissiyasında 17 üzvdən yalnız 2 etnik azərbaycanlıdır. Gürcüstan miqyasında ən çox, 14 nəfər etnik azlıq nümayəndəsi Ninotsminda və Axalkalai Dairə Seçki Komissiyasında işlə təmin olunub. Yeddi dairənin hərəsində bir nəfər etnik azlıq nümayəndəsi, qalan 11-də isə heç biri işlə təmin edilməyib.

“Məntəqə seçki komissiyalarında isə etnik azlıqların ən yüksək təmsil edilməsi Ninotsminda və Marneulidə qeydə aınıb. Ninotsmindada 296 nəfər seçilmiş komissiya üzvündən 283, Marneulidə isə 720 seçilmiş üzvdən 579 üzv etnik azlıq nümayəndəsidir. Monitorinq dairəslərindən etnik azlıqların ən aşağı təmsil edilməsi Samqori dairəsində qeydə alınır. Seçilmiş 582 komissiya üzvündən yalnız 13 etik azlıq nümayəndəsidir”, - hesabatda qeyd olunub.

“Çoxmillətli Gürcüstan” seçkiqabağı vəziyyətin monitorinqinə 4 bələdiyyədə, 4 müşahidəçi vasitəsi ilə 2021-ci ilin 1 yanvar tarixindən başlayıb. Aralıq hesabatı 2021-ci ilin 1 iyun tarixindən 31 avqust tarixinə qədər olan dövrü əhatə edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია