Bizim gənc aşıqlarımız, ustad aşıqlarımız var, onlar da tanınmalıdır – Nargilə Mehdiyeva Gürcüstanda Aşıqlar Birliyinin yaradılması barədə
Gürcüstanda Aşıqlar Birliyi yaradılır. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı aşıq Nargilə Mehdiyeva təsdiq etdi.

Onun sözlərinə görə, bu gün, 27 yanvar tarixində Aşıqlar Birliyinin yaradılması ilə bağlı görüş keçirilib.

O, bu gün muzeydə Aşıqlar Birliyinin yaradılması ilə bağlı 8-9 nəfərə yaxın şəxslə birlikdə müzakirələrin baş tutduğunu bildirdi.

“Gürcüstan Aşıqlar Birliyinin yaradılması ilə bağlı bu günə qədər qurultay gözlənilirdi. Qurultay baş tutarsa, 4-cü qurultay olacaq. Artıq 3 dəfə möhtəşəm şəkildə qurultay keçirilib. İndiyə qədər Gürcüstan Aşıqlar Birliyi QHT-ləri qeydə alınıblar. Lakin heç bir yeri-yurdu olmayan Gürcüstan Aşıqlar Birliyi olub QHT olaraq. Biz çalışırıq ki, Gürcüstan Aşıqlar Birliyini Gürcüstan səviyyəsində yaradaq. Gürcüstan Mədəniyyət Nazirliyi bizə dəstək olsun. Söz veriblər ki, bizə köməklərini əsirgəməyəcəklər, amma şərtlər bundan ibarətdir ki, Gürcüstanda yetəri qədər aşıq varmı?! Əgər bu aşıqların birliyi varsa, birdirlərsə, biz bilirik ki, Gürcüstanda 200-ə yaxın aşıq var. Bu aşıqların tam tanınması üçün, bir olmaları üçün Gürcüstan Aşıqlar Birliyi yaranmalıdır, dövlət səviyyəsində. Biz bu dəfə çalışırıq ki, sazımız, sözümüz, aşıq sənətimiz Yuneskoda yer alıbsa, Yunesko bunu qəbul edibsə, Gürcüstan dövlətinin də buna yol verməsinə inanır və güvənirik.”

Mehdiyevanın sözlərinə görə, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də məsələ ilə yaxından maraqlanır və birliyin yaradılmasında onlara kömək edir. O, bugünkü görüşdə səfirliyin onlara necə dəstək olacaqları barədə də söhbət açdıqlarını vurğuladı.

Nargilə Mehdiyeva Aşıqlar Birliyinin yaradılması fikrinin alqışa layiq olduğunu dedi.

“Gürcüstan, Borçalı bizim “Aşıqlar Yurdu” adlanır. Bizim nənələrimizin körpələrimizə laylaları da aşıq havalarından qurulub. Mən bir aşıq olaraq bütün xarici ölkələri, bütün türk dünyasını gəzdiyim zaman mənə sual verirlər ki, – Gürcüstan, aşıq sənətinin belə zəngin olduğu bir yerdə nəyə görə aşıqlar birliyi yoxdur, olmasın?! Bu olsa da, nəyə görə qeyri dövlət təşkilatı olsun. Buna nəyə görə gücünüz çatmır?! Bu niyə yaranmır?! Bu kimi çox suallara biz cavab verməli oluruq. Amma bəzən də cavab verə bilmirik. Mən aşıq olaraq özüm də bilmirəm ki, nəyə görə bu birlik yaradılmır. Elə bir sədr olmalıdır ki, gürcü dilini yaxşı bilsin, Gürcüstanda fəal şəkildə öz fəaliyyətini, adını, işini təqdim edə bilsin. Çox fəal olmalıdır ki, Gürcüstan Aşıqlar Birliyini ilk olaraq yaratsın və daha sonra yaşatsın. Gürcüstanda Gürcüstan aşıqları 2-3 nəfərdirsə, buna ehtiyac yoxdur. Əgər Gürcüstanda bizim 200 nəfərə qədər aşıqlarımız varsa, bunun 5-6-sı tanınır, başqaları tanınmırsa, biz burada günahkarıq. Mən özümü günahkar hesab edirəm ki, niyə aşıq Nargilə tanınsın?! Başqa bir neçəsi tanınsın?! Bizim gənc aşıqlarımız, ustad aşıqlarımız var, onlar da tanınmalıdır!”

Nargilə Mehdiyeva bildirdi ki, gələn həftənin şənbə günü Tbilisidə, Aşıqlar Birliyinin yaradılması ilə bağlı son görüş baş tutacaq. Görüşdə təşkilatın sədri və nümayəndələr iştirak edəcəklər. O, rəsmi şəkildə məlumatların toplanacağını və Gürcüstan Mədəniyyət Nazirliyinə təqdim olunacağını dedi.
Print ელ. ფოსტა
FaceBook Twitter Google