Marneuli bələdiyyəsinin uşaq bağçalarına uşaqların qeydiyyatının
birinci mərhələsi başa çatıb.
Uşaq Bağçaları Birliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, məktəbəqədər hazırlıq qrupları və məktəbəqədər təhsil
müəssisələrinə qeydiyyat 30 iyunda başa çatıb. İkinci mərhələ isə
22 avqustda başlayacaq və 2 sentyabra qədər davam edəcək.
“Birinci mərhələdə məktəbəqədər təhsil müəssisələrinə ümumilikdə
872, məktəbəqədər hazırlıq qruplarına isə 192 uşaq qeydiyyatdan
keçib. Hər il uşaq bağçalarına ümumilikdə 1000-ə yaxın,
məktəbəqədər hazırlıq qruplarına isə təxminən, 500 uşaq qəbul
edirik”, - Uşaq Bağçaları Birliyindən
bildirdilər.
Bələdiyyə miqyasında ümumilikdə 14 uşaq bağçası var. 2022-ci ildə
11 bağçada təhsil prosesi bərpa edilib. 2 bağçada təmir işləri
aparılırdı, bir bağça isə qəzalı vəziyyətdədir.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, 2022-2023-cü ildə Marneuli 1 saylı
və Qızılhacılı kənd uşaq bağçalarında da təhsil prosesinin bərpa
olunacağı gözlənilir.