Meriyanın Təhsil və Mədəniyyət Şöbəsinə bir əməkdaş əlavə olunacaq
Marneuli Bələdiyyə Məclisi bu gün, 4 aprel tarixində meriyaya bir nəfər əməkdaşın əlavə edilməsi məsələsini müzakirəyə çıxarıb.

Meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze iclas zamanı bildirib ki, meriyanın Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsinə bir nəfər əlavə olunacaq. Buna səbəb olaraq həmin şöbədə işlərin artmasını qeyd edib. Deputatlar məsələ ilə əlaqədar müsbət qərar qəbul ediblər.

“Xidmətdə işlər çoxaldığına görə, Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsində bir nəfər birinci kateqoriyalı baş mütəxəssis vəzifəsinin əlavə olunmasına ehtiyac yarandı. Xahiş edirik, razılıq verəsiniz və məsələ ilə bağlı səs verəsiniz”,
– Mamuka Şubitidze bildirdi.

Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsində ştat sayının artması ilə yanaşı müqavilə ilə daha bir nəfər əməkdaş da əlavə olunacaq.

Bələdiyyə Məclisinin 4 aprel tarixində keçirilən gündəliyində ümumilikdə 8 məsələ müzakirə olunub. Onlar arasında Marneuli Bələdiyyə Məclisinin 2023-cü il büdcəsinin təsdiqlənməsi haqqında 2022-ci il 29 dekabr tarixli 30 saylı sərəncamında dəyişiklik edilməsi, Gürcüstan dövlət büdcəsi ilə Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan maliyyələşdiriləcək layihələr, sosial məsələlər və s. də var.


Print ელ. ფოსტა
FaceBook Twitter Google