“Azərenerji” Gürcüstana ixrac gücünü iki dəfə artırıb
"Respublikada generasiya güclərinin artırılması ilə yanaşı, ötürücü infrastrukturun yenidən qurulması istiqamətində də mühüm işlər görülüb".

Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.

Onun sözlərinə görə, qonşu Gürcüstan və İranla elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib: “43,4 km məsafədə 330 kV-luq “Ağstafa-Qardabani” EVX tikilərək istismara verilib, ixrac gücü iki dəfə (700 MVt) artıb”.

B.Rzayev bildirib ki, tikintisinə 2013-cü ildə başlanılan 67,5 kilometr uzunluğunda 220 kV-luq “Masallı (Azərbaycan)-Astara (İran)” EVX-nin tikintisi isə yekunlaşmaq üzrədir: “Dövlətlərarası yeni elektrik verilişi xətlərinin çəkilişi Azərbaycanın enerji mübadilə potensialını daha da yüksəldəcək, ölkəmizin beynəlxalq enerji bazarına çıxışını möhkəmləndirəcək”.

O qeyd edib ki, elektrik enerjisi təchizatında etibarlılığı və dayanıqlılığı gücləndirmək məqsədilə ötən müddət ərzində 1 ədəd 500 kV-luq yarımstansiya (“Abşeron”) və 4 ədəd 220 kV-luq (“Müşfiq”, “Xırdalan”, “Hövsan”, “Nizami”) yarımstansiya yenidən qurulub, 1 ədəd 220 kV-luq “Böyükşor” yarımstansiyası tikilib: “Həmçinin 18 ədəd 110 kV-luq yarımstansiya tam yenidən qurulub, 2 ədəd yeni yarımstansiya inşa olunub”.
Mənbə: report.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google