Sentyabrın 23-də neftin qiyməti 5 faiz düşüb. Bu, son səkkiz ayda
neftin ən aşağı qiymətidir
Sentyabrın 23-də neftin qiyməti 5 faiz düşüb. Bu, son səkkiz ayda
neftin ən aşağı qiymətidir. Reuters agentliyi yazır ki, neft
qiymətlərinin düşməsi adətən dolların bahalaşması ilə müşayiət
olunub. Dollar əslində son iki onillikdə ən yüksək qiymətinə
çatıb.
Ekspertlər bildirirlər ki, dolların bahalaşması dünyanın böyük
iqtisadiyyatlarının resessiya təhlükəsi ilə üzləşməsi riskini
artırıb. Brent markasından olan neftin fyuçers qiyməti 4.75 dollar
və ya 5.3 faiz azalaraq bir barrel üçün 85.71 dollara düşüb. Texas
neftinin qiyməti 6 faiz ucuzlaşıb və bir barrel üçün 78.30 dollara
enib. Bu, bir həftə ərzində 8 faiz uculaşma deməkdir.
Reuters ekspertləri qeyd edirlər ki, neftin qiyməti son dörd həftə
ərzində düşməkdə davam edir.
Belə bir hal ötən dekabrdan bəri ilk dəfədir ki, baş verir. Brent
markasından olan neftin qiyməti yanvar ayından bəri ən aşağı
həddinə enib. ABŞ Federal Ehtiyat Sistemi bu həftə uçot dərəcəsini
75 baza bəndi qədər qaldırıb. Dünya boyunca başqa mərkəzi banklar
da uçot dərəcəsini qaldırıblar, bu isə öz növbəsində iqtisadi
yavaşıma riski yaradıb. Ekspertlər qeyd edirlər ki, dolların
bahalaşması neftə tələbatı azaldır. Bu onunla bağlıdır ki,
yanacağın başqa valyutalarla qiyməti xeyli artmış olur.
Avrozonada isə Rusiyadan qaz idxalının azalması ilə bağlı enerji
qiymətlərinin artması hökumətləri qənaətə məcbur edir.
Mənbə:
https://www.azadliq.org/