Rusiyanın Şimali Qafqaz regionunda Çeçenistanın avtoritar lideri
Ramzan Kadırovun
kəskin tənqidçisi, Rusiya vətəndaşı Mənsur Movlayev onun Rusiyaya
deportasiya edilməsinə dair məhkəmə qərarı icra olunmamış
Qırğızıstanı tərk edib.
Movlayevin vəkili Bakıt Avtandil noyabrın 27-də Azadlıq Radiosuna
bildirib ki, onun müvəkkili hazırda qeyri-müəyyən ölkədədir və
əlavə edib ki, Mövlayev Mərkəzi Asiya ölkəsini tərk etmək qərarını
özü verib.
Oktyabrın əvvəlində
sərhədi qanunsuz keçdiyinə görə Qırğızıstanda 6
ay həbs cəzasına məhkum edilmiş Movlayevin Rusiyaya deportasiya
qərarının qüvvədə qalsa da, keçən həftə Bişkek məhkəməsi onun
həbsdən azad edilməsi barədə qərar çıxarıb.
Avtandil o zaman Azadlıq Radiosuna bildirmişdi ki, istintaq
təcridxanasında qalma müddəti ikiqat sayıldığı üçün Birinci May
rayon məhkəməsi Mövlayevin altı aylıq cəzasını çəkdiyi haqda qərar
çıxarıb.
Çeçenistan əsilli Movlayev Rusiyada ekstremizmdə ittiham olunaraq,
axtarışa verilib. O, ittihamların siyasi motivli olduğunu deyərək,
rədd edib.
Avqust ayında Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi
Movlayevin anti-terror əməliyyatı zamanı həbs edildiyini və 28
yaşlı çeçen fəalın Yaxın Şərqdəki terror qruplaşmaları ilə əlaqəsi
olan "radikal İslamın davamçısı" olduğunu bildirib.
2020-ci ildə Movlayev qeyri-qanuni narkotik ittihamı ilə üç il
müddətinə azadlıqdan məhrum edilib. O, bu ittihamların siyasi
motivli olduğunu deyərək, onları qəti şəkildə rədd edib. Movlayev
ona qarşı açılan işi Kadırov və onun hökumətini tənqid etdiyinə
görə Çeçenistan rəsmiləri tərəfindən qisas adlandırıb.
2022-ci ildə Movlayev vaxtından əvvəl azadlığa buraxılsa da, sonra
yenidən saxlanılıb.
Tanınmış çeçen müxalif blogerlər İbrahim və Baysanqur
Yanqulbayevlər o zaman bildirmişdilər ki, Movlayev 2022-ci ildə
Rusiyadan Qırğızıstana qaçmağa nail olub və orada təhlükəsizlik
məqsədilə Avropa İttifaqına getmək üçün beynəlxalq hüquq müdafiə
qruplarından yardım almağı planlaşdırıb.